Minimum əmək haqqı nə qədər artırılacaq?
2024-cü il noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Xatırladaq ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin əvvəlində artırılıb. O zamandan bu yana minimum əmək haqqı 345 manatdır.
Maraqlıdır, payızda nəzərdə tutulan artımlardan sonra minimum əmək haqqı nə qədər ola bilər?
Elşad Məmmədli: “Ölkədə effektiv sosial paketlər həyata keçirilməkdədir və bunun nəticəsində əməkhaqqı fondu artır”
İqtisadçı ekspert, professor Elşad Məmmədov qeyd etdi ki, əmək müqavilələrinin sayında böyük rəqəmlərlə ifadə olunan artım, ilk növbədə, son 5 ildə hökumətin bu istiqamətdə gördüyü effektiv tədbirlərlə bağlıdır. Ötən müddətdə Azərbaycanda əmək münasibətlərinin şəffaflaşdırılması və bu istiqamətdə neqativ halların aradan qaldırılması yönündə ciddi pozitiv addımlar reallaşdırılıb: “Əmək münasibətlərinin şəffaflaşdırılması ilə bağlı müvafiq siyasət əsasən iki istiqamətdən ibarət olub. Bir tərəfdən əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı aidiyyəti üzrə birbaşa tədbirlər görülür. Yəni bununla bağlı müvafiq dövlət qurumunun fəaliyyətindəki şəffaflıq nəticəsində faktiki olaraq bu sahədə neqativ hallarla barışmaz mübarizə işəgötürənlər və işçi qüvvəsi arasında münasibətlərin leqallaşdırılmasına, qanuni müstəviyə salınmasına xidmət edir. İkinci istiqamət isə müvafiq təkanverici stimullaşdırıcı tədbirlərdir. Məlumdur ki, ölkədə effektiv sosial paketlər həyata keçirilməkdədir və bunun nəticəsində əməkhaqqı fondu artır. Digər tərəfdən, sosial təminat, pensiya təminatı gücləndirilir və bu da nəticə etibarilə əmək resurslarını motivasiya etməklə qeyri-leqal fəaliyyəti aradan qaldırır. Özəl sektorda tətbiq olunan vergi güzəştləri də stimullaşdırıcı tədbirlərdəndir”.
E.Məmmədov hesab edir ki, hər iki istiqamət üzrə görülən tədbirlər öz məntiqi nəticələrini göstərir: “Bu, bütövlükdə həm ölkənin büdcə daxilolmalarına müsbət təsir göstərməli, həm də onun davamı olaraq sosial xərclərin artırılmasına müvafiq təkanverici amil kimi çıxış etməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda sosial müdafiə yönümlü tədbirlərin davamlı olaraq həyata keçirilməsi əmək münasibətlərinin şəffaflaşdırılması və leqallaşdırılması prosesinə təkan verməkdədir”.
Vüqar Bayramov: “Minimum əmək haqqının 2 rəqəmli həddə artırılması ilə bağlı qərarın verilməsi məqsədəuyğundur”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin noyabrınadək təkliflərin hazırlanması və təqdim olunması gözlənilir: “Hələlik minimum əmək haqqının nə qədər artırılacağı ilə bağlı rəsmi rəqəmlər və proqnozlar yoxdur. Amma bununla belə, biz minimum əmək haqqının artırılması ilə bağlı təkliflərimizi təqdim edirik. Nəzərə alaq ki, həm nominal orta aylıq əmək haqqındakı artım, həm də infilyasiya səviyyəsi ötən müddətdə 2 rəqəmli olub. Ona görə də bizim gözləntimiz ondan ibarətdir ki, minimum əmək haqqının 2 rəqəmli həddə artırılması ilə bağlı qərarın verilməsi məqsədəuyğundur. Konkret rəqəmi biz ancaq bu payız keçirilən büdcə müzakirələrindən sonra söyləyə biləcəyik”.
Günel CƏLİLOVA