Amerika məmuru Ermənistan hərbisinin başına gətirildi, Avropa 10 milyon pul ayırdı - axırını Allah saxlasın…
İbrahim Rüstəmli: “Azərbaycanı istisna edən həmin təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açmış olur”
Aİ ilk dəfə olaraq Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro ayıracaq. Ermənistan Respublikasına dəstək üçün göstərilən yardımın məqsədi Ermənistan silahlı qüvvələrinin maddi-texniki imkanlarını artırmaq və böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Yayılan digər məlumatda isə bildirilir ki, ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda Ermənistanda konsaltinq dəstəyinə başlamaq niyyətindədir. ABŞ səfirliyi ABŞ nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində dəqiq nə vaxt işə başlayacağı ilə bağlı sualı cavablandırarkən bu barədə bildirib.
Səfirlik aydınlaşdırıb ki, qlobal müdafiə islahatları proqramı üzrə məsləhətçi ABŞ Ordusu və ya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmir. Maliyyəni Dövlət Departamenti təmin edir və müşavir Ermənistanın müdafiə institutlarını gücləndirməyə kömək edəcək.
Faktiki olaraq ABŞ və Qərb Ermənistan ordusunu tam nəzarətə keçirir.
Məlum olduğu kimi, aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə görüşdü. Sözügedən görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi ilə bağlı narahatlıq vardı. Çünki Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu, rəsmi İrəvan isə “üçüncü tərəfə qarşı olmadığını” desə də, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var idi. Azərbaycan Xarici İşlər Nazirliyinin həmin vaxt “Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir” açıqlaması rəsmi Bakıda bu haqda informasiyaların olduğunu göstərir. İndi baş verənlər aprelin 5-də gizıi razılaşmanın cücərtiləri sayıla bilərmi?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan regionda yeni reallıq yaradıb: “Biz bütün parametrlərə görə Cənubi Qafqazın lider ölkəsiyik. Hazırda Azərbaycanın həm Rusiya, hım də İranla yaxınlaşması prosesi izlənilir. Bunun da arxasında ciddi siyasi faktorlar dayanır. Ermənistan hazırda çox zəif haldadır və özünün klassik tərəfdarı sayılan Rusiyadan əlini tam üzüb. ABŞ-ın Ermənistanda hərbi təlimlər keçməsi, Aİ-nin onların ordusuna açıq maliyyə dəstəyi verməsi, indi də Vaşinqtondan erməni otdusuna müşavir təyin etməsi nə Rusiyanın, nə də İranın xoşuna gəlir. ABŞ və Avropa yalnız ordunu nəzarətə götürmür. Onlar bütün ölkəni ələ keçirirlər ki, Rusiyaya qarşı ciddi bir alternativ yaratsınlar. Bu bizi narahat etməyə bilməz. Çünki bizim düşmənimizi gücləndirən, deməli bizə qarşıdır. Biz Prezidentimizin simasında bu məsələlərə kifayət qədər aydınlıq gətirildiyinin şahidi oluruq. Ermənistanın oturmadığı qucaq qalmayıb. Bütün bunlar heç bir fayda verməyəcək. Ermənistan nə qədər kənar dəstəyə güvənsə də, Ukraynadan örnək götürməlidir. Ukraynaya milyardlarla yardım göndərilir, yenə də Rusiyanın qarşısında tap gətirə bilmir. Dövlətin özünün resursu olmalıdır. Quyuya kənardan su tökməklə, ondan quyu olmaz. Bir daha sübut olundu ki, 5 aprel 2024-cü ildə keçirilən Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşdə bu razılıqlar əldə edilib.
Azərbaycanı istisna edən həmin təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açmış olur”.
Məhəmmədəli QƏRİBLİ