Azərbaycan Dəmir Yolları 200 mindən çox vəsaiti niyə itirdi?
Xalid Kərimli: “Bu struktur hökmran mövqeyə malikdir, bazarda daşımaçılıqda mühüm rol oynayır”
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tələbləri pozduğuna görə Azərbaycan Dəmir Yolları QSC-ni 246 241 manat cərimələyib. Cərimələnməyə səbəb kimi qurumun inhisarçı davranışları göstərilib.
Belə ki, ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması üzrə araşdırma aparılıb. Həmçinin, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri araşdırılıb. Nəticədə, "Azərbaycan Dəmir Yolları" QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
“Azərbaycan Dəmir Yolları”nda çox ciddi problemlər var, dəmir yolu parkının, xətlərinin yenilənməsi və s….”
Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rəqabət Məcəlləsi bu ilin iyulun 1-dən etibarən qüvvəyə minib. Qərar iyulun 1-dəki Məcəlləyə əsasən qəbul edilsəydi, QSC-yə tətbiq edilən cərimə dəfələrlə çox olardı: “Azərbaycan Dəmir Yolları” dəmir yolu sahəsində inhisarçıdır. Tam olaraq inhisar subyektidir, fəaliyyəti də Rəqabət Məcəlləsinin obyektidir. Bu struktur hökmran mövqeyə malikdir. Bazarda daşımaçılıqda mühüm rol oynayır. Buna görə də onlar QSC-nin səlahiyyətlərindən istifadə edərək rəqabət qaydalarını pozub, sahibkarlara ciddi problemlər yarada bilərlər. İstədikləri sahibkarları, daşımaçılığı buraxa, istədiklərinin də qarşısını ala, istədikləri şərtlərlə sahibkarları sıxıb boğa bilərlər”.
Ekspert onu da əlavə etdi ki, QSC inhisarçı qurumdur, qanunu pozub, qanunsuz fəaliyyətlə məşğul olub: “Azərbaycan Dəmir Yolları”nda çox ciddi problemlər var. Dəmir yolu parkının, xətlərinin yenilənməsi, ölkədaxili dəmir yolu daşımaçılığının, marşrutlarının genişləndirilməsi istiqamətində çox ciddi işlər görülməlidir. Təkcə Bakı-Sumqayıt dəmir yolu xətti çəkilib, Sumqayıtdan Bakıya gəlib-gedən nə qədər insanın həyatı rahatlaşıb. Yəni ictimai nəqliyyatın bu istiqamətdə inkişafı həm sərnişindaşımada, həm də yükdaşımada mühüm rol oynayır. Düşünürəm, dövlət ciddi surətdə öz müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi işinə diqqəti artırmalıdır”.
Günel CƏLİLOVA