Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb. Bu barədə baki-xeber.com-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Qurumlararası əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən layihə Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib.
Nəşrdə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirəcəyi tədbirlər ətraflı izah olunub.
Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.
“Polis əməkdaşları üçün yaddaş kitabçası” Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.
İradə SARIYEVA