"Fransanın Ermənistana silah satması bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq edir" - İcma
Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Krallığın Vudstok şəhərində baş tutan Avropa Siyasi İcmasının sammitində keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa və Azərbaycana böhtan atmağa cəhd edib.
Bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda deyilir: "2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd göstərən Fransa Prezidentinə xatırladırıq ki, 44 günlük Vətən müharibəsi BMT Nizamnaməsinin müddəalarının və Təhlükəsizlik Şurasının konkret qətnamələrinin icrasını təmin etməklə beynəlxalq hüququn və ədalətin təntənəsi olmuşdur. Prezident Makron bu şanlı tarixə qara yaxmağa cəhd göstərmək əvəzinə, Fransanın uzun illər ərzində Ermənistanı dəstəkləyərək onu Azərbaycan ərazilərinin işğalını davam etdirməyə cəsarətləndirməsinə görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir.
Vurğulamaq lazımdır ki, Azərbaycan ərazilərinin 20 faizini zəbt edərək 30 il ərzində işğal altında saxlamış Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir.
Qərbi Azərbaycan İcması Fransandan Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmağı tələb edir".
ZÜMRÜD