1 ton könüllü qan vermək yaxşıdır, ya kürəklərə zəncir vurmaq?..
Cəmişid Əliyev: “İnsanlar özlərinə xəsarət yetirmək əvəzinə, qan verməklə xəstə insanlara yardım edə bilərlər”
Əvvəllər Azərbaycanda Məhərrəm ayında müxtəlif ayinlər həyata keçirilirdi. Üz cırmaq, zəncir vurmaq, qan çıxartmaq insanların dini baxışlarına uyğun olaraq bütün məscid və pirlərdə keçirilirdi. Bir neçə il əvvəl isə bu ayinlər yığışdırılmağa başlandı və yerini Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyaları tutdu. Aşura günlərində insanlar “həyat qurtarmaq” devizi ilə qan verirlər.
Məlumat üçün bildirək ki, iyulun 16-da qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü könüllü qanvermə aksiyaları keçirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə aksiya zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.
“Aşura gününün özəlliyini, müqəddəsliyini düzgün şəkildə anlamaq və cəmiyyətdə həmin günün əsas mahiyyətini təbliğ etmək lazımdır”
Ilahiyyatçı Cəmişid Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İslam dünyasında Məhərrəmlik ayının özünəməxsus yeri var. Bu heç də zəncir vurmaq, baş yarmaq, matəm saxlamaq günü deyil: “Məhərrəmlik ayını cəhalətə, xurafata çevirmək Azərbaycan xalqına yaraşmaz. Çünki Azərbaycan xalqı tarix boyu zəngin mədəniyyətə sahib olub. Hər birimiz müsəlmanıq, dinimiz İslam dinidir. İslam dinində isə xurafat və cəhalət yoxdur. Həmin gün Azərbaycan regionda dünyanın aparıcı ölkələrindən biri, xalqımız, dövlətimiz isə ən nümunəvi xalqlardandır. Bizim, İslam dəyərlərinin daşıyıcıları olmaqla yanaşı, İslam aləminə böyük töhfələrimiz var. Heç bir normal müsəlman ölkəsində Aşura günü zəncir vurub, baş yarmaq kimi ayinlər keçirilmir. Türkiyədə və digər müsəlman ölkələrində zəncir vurmaq, kəsici alətlərlə qan çıxarmaq kimi cahil əməllərə rast gəlmək mümkün deyil. Bunların hamısı ərəblərin cahillik dövrünün ənənələridir. Aşura günü aidiyyəti qurumların təşəbbüsü ilə illərdir qanvermə aksiyası keçirilir. Bu olduqca təqdirəlayiqdir. Çünki Aşura günü mövhumat günü deyil. Həmin günün özəlliyini, müqəddəsliyini düzgün şəkildə anlamaq və cəmiyyətdə bu günün əsas mahiyyətini təbliğ etmək lazımdır. İnsanlar özlərinə xəsarət yetirmək əvəzinə, qan verməklə xəstə insanlara yardım edə bilərlər. Bu, savab əməl sayılır, təbii ki, şəxsin səhhəti qan verməyə yol verirsə. İnsan hər bir əməli Allahın razılığını qazanmaq üçün etməlidir və Allahın buyurduğu şəkildə yerinə yetirməlidir. Allah bəndəsinə görə, Peyğəmbərin nəvəsinə görə sinə vurmaq, özünə, uşağına xəsarət yetirmək, bu yolla qan çıxarmaq dinimizdə yolverilməzdir. Qan vermək şəriətdə mütləq əməl kimi göstərilmir, səhhəti icazə verən insanın qan verməsi yaxşı əməl kimi qiymətləndirilir”.
Günel CƏLİLOVA