Deputatlığa namizədlərin ödənişsiz təşviqat apara biləcəyi media subyektləri açıqlandı - SİYAHI
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
Mərkəzi Seçki Komissiyasından bildirilib ki, həmin media subyektləri aşağıdakılardır:
- İctimai Televiziya və Radio Yayımları Şirkəti;
- "Azərbaycan” qəzeti;
- "Xalq qəzeti”;
- "Respublika” qəzeti;
- "Bakinski raboçi” qəzeti.
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il iyulun 28-dək) dərc etməlidirlər.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
ZÜMRÜD