Naxçıvandakı Polis Məktəbində gənc əməkdaşlar and içiblər
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Orta İxtisas Polis Məktəbində “İlkin hazırlıq” kursunu bitirmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən mətbuata verilən açıqlamada deyilir ki, tədbirdən əvvəl iştirakçılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edən muxtar respublikanın DİN rəhbərliyi kursu bitirmiş məzunlara daxili işlər naziri Vilayət Eyvazovun təbrikini və ən xoş arzularını çatdırıb. Onlara dövlətçilik ənənələrinə və xalqa hər zaman sədaqətli olmağı, daxili işlər orqanlarında layiqli xidmət etmələrini tövsiyə edib.
Sonra müvafiq qaydalara əsasən, kursu bitirən gənc əməkdaşlar Dövlət Bayrağı önündə “Polis andı”nı qəbul edib və Azərbaycan Dövlət Himnini oxuyublar.
Mətləb Salahov