Saziş üçün ermənilər bunu etməlidir - Azərbaycanın tələbi beynəlxalq təşkilatlara çıxdı...
Elşad Həsənov: “Ermənistanın istiqlaliyyət bəyannaməsində Azərbaycana yönəlik ərazi iddiaları var”
“Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulması vacibdir”. Bunu Prezident İlham Əliyev ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidti qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılması, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulması vacibdir.
“Həmin iddialar çıxarılmadan sülhdən söhbət gedə bilməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, hər bir ölkənin ana qanunu Konstitusiya olduğu üçün Ermənistan buna əməl etməlidir: “Ermənistanın istinad etdiyi istiqlal bəyannaməsində Azərbaycana qarşı torpaq iddiası var. Erməni separatizmi 1988-ci ildə başladı. Xankəndidə separatçılar kütləvi mitinqlər təşkil etdilər. 1988-ci il iyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin bu ölkənin tərkibinə daxil edilməsi barədə qərar qəbul etdi. Dərhal Azərbaycan SSR Ali Soveti buna etiraz edərək DQMV-nin Azərbaycanın tərkibində olduğunu elan etdi. Həmin ay SSRİ Ali Soveti Rəyasət Heyəti Ermənistanın qərarını qanunsuz hesab etdi. Daha sonra 1989-cu ilin dekabrında Ermənistan Ali Soveri Qarabağın Ermənistana “birləşdirilməsinə” dair yenidən qərar qəbul etdi. Bu, bütövlükdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatı idi. Mən uzun illər təhlükəsizlik orqanlarında işləmişəm. SSRİ DTK-sının Minskdə ali kurslarında oxuduğum zaman bizə məxfi dərslər keçilirdi bu sahədə. Deyilirdi ki, ABŞ-ın əsas məqsədi SSRİ-ni daxildən etnik zəmində qarşıdurmalarla dağıtmaqdır. Söhbət milli zəmində törədilən qarşıdurmalardan gedir. Erməni separatizmi bu baxımdan Birləşmiş Ştatlar üçün unikal vasitələrdən biri idi. ABŞ-dakı erməni dairələrinin təsiri ilə Ermənistanda bəzi şəxslər ələ alınaraq separatizm körükləndirildi. Onlara hərtərəfli dəstək verildi. O zaman SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov erməni separatizminin qarşısını almaq üçün gərəkli tədbirləri görmədi. Əksinə, erməniləri komandasına daxil etdi. Sonrakı proseslər də məlumdur. Bir sözlə, Ermənistanın istiqlaliyyət bəyannaməsində Azərbaycana yönəlik ərazi iddiaları var. Həmin iddialar çıxarılmadan sülhdən söhbət gedə bilməz. Azərbaycanla yanaşı Türkiyəyə qarşı da ərazi iddiaları var. Prezident Əliyevin bu məsələdə qətiyyətli mövqe sərgiləməsi alqışa layiqdir”.
Vidadi ORDAHALLI