"Maarifçi Qadınlar” İB "İstanbulda azərbaycanlı uşaqların təhsilə cəlb edilməsi layihəsinin icrasına başlayıb - FOTO
"Maarifçi Qadınlar" İctimai Birliyi 10 ildir ki, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi ilə bağlı layihələr həyata keçirir. Vətənimizin bugünü, sabahı, millətimizin gələcəyi və bütün bəşəriyyət üçün faydalı olan bu layihələrin icrası Türkiyədə yaşayan azərbaycanlı miqrantların təhsildən kənar qalan məktəbyaşlı uşaqlarının təhsilə cəlb edilməsi məqsədi daşıyır.
Naxçıvan əhalisi uzun illərdir blokada şəraitində yaşamaq məcburiyyətində qalıb. Onların çox hissəsi işsizlikdən əziyyət çəkdikləri üçün qardaş Türkiyəyə gediblər. İstanbulda doğulan azərbaycanlı məktəbyaşlı uşaqlar 13,14, bəzən də daha yuxarı yaşlardan birinci sinifə qəbul edilirlər. Çünki onlar müxtəlif səbəblərdən Türkiyədə qanuni yaşamaq hüququnu əldə edə bilməyiblər. Təəssüf ki bu acınacaqlı vəziyyət tam aradan qaldırılmadığı üçün bu gün də mövcuddur.
"Biz “Maarifçi Qadınlar” İctimai Birliyi olaraq, davamlı həyata keçirdiyimiz layihələr vasitəsi ilə minlərlə azərbaycanlı uşağı təhsilə cəlb etmişik. Təşkilatımızın üzvü olan azərbaycanlı ixtisas müəllimlərinin səyi nəticəsində şagirdlərimiz yüksək səviyyədə biliklərə yiyələnirlər. Məqsədimiz 8-9 yaşlarından uşaqların tikiş sexlərində, maşınyuma xidmətlərində çalışdırılmasının qarşısını almaq, onları cəmiyyətə faydalı vətəndaşlar kimi yetişdirməkdir Bu kimi hallarının qarşısının alınması üçün daima İstanbulda yaşayan azərbaycanlı ailələrlə iş aparılır, insanlarımız maarifləndirilir .
Bildirilir ki, bu il də “Maarifçi Qadınlar” İB "İstanbulda yaşayan, Azərbaycan vətəndaşı olan məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsi" adlı layihənin qalibi olub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Baki-xeber.com-un məlumatına görə, 7, 8 və 10 iyul 2024-cü il tarixlərində “Maarifçi Qadınlar” İB "Türkiyədə təhsildən kənar qalan azərbaycanlı məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi" adlı layihəsinin icrası ilə bağlı "Azərbaycan Eğitim, Kültür ve Sosyal Dayanışma Dernegi" təşkilatının binasında AR QHTDDA-nın maliyyə dəstəyi ilə Türkiyə Respublikasının İstanbul şəhərinin Bayrampaşa rayonunun Kocatepe, Eyüpsultan rayonunun Rami və Güngören rayonunun qəsəbələrində yaşayan azərbaycanlılar üçün maarifləndirici seminarlar keçirib. Tədbirdə İstanbulda yaşayan valideynlər, təşkilat rəhbərləri, ziyalılar, tələbələr və müəllimlər, eyni zamanda "Maarifçi Qadınlar" İctimai Birliyinin sədri Ş.Məmmədova, layihə rəhbəri Aynur Misirova, “İstanbul-Azərbaycan Kültür Evi Dərnəyi” başqanı Hikmət Elp və digər təşkilat rəhbərləri çıxış ediblər.
İradə SARIYEVA