Onlayn satışla məşğul olanlar pulu götürüb qaçırlar...
Nadim Əliyev: “Bəzi onlayn mağazalar insanların etibarından istifadə edir, çalışmaq lazımdır ki…”
Bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər onlayn ticarət geniş vüsət alıb. Əziyyət çəkməmək, rahat olmaq üçün sifariş verirsən, məhsulu düz qapına qədər gətirib çıxarırlar. İnsanlar sərfəli alış-veriş etmək üçün müxtəlif mağazalardan endirimli qiymətlə məhsulları almağa can atır.
Sosial şəbəkə üzərindən fəaliyyət göstərən bəzi mağazalar insanları aldatmaqla məşğuldur. Belə ki, “instagram”da, yaxud digər sosial şəbəkələrdə onlayn mağazalar fəaliyyət göstərir ki, bunlardan bəziləri də fırıldaqçılıqla məşğuldur. Məhsul müştəriyə təhvil verilmədən öncə şərt qoyurlar ki, məhsulun qiymətinin tam məbləği, yaxud bir hissəsi ödənilməlidir. Ödənişdən sonra isə müştərini bloka atır, yaxud səhifəni silirlər. Bu vəziyyətlə üzləşən çoxlu sayda insanlar var.
Ümumiyyətlə, onlayn alış-veriş zamanı insanlar nələrə diqqət etməlidirlər ki, ziyana düşməsinlər?
“Məhsul təhvil verilmədən əvvəl ödəniş tələb edən mağazalardan ümumiyyətlə uzaq durmaq lazımdır”
İKT sahəsi üzrə ekspert Nadim Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar Azərbaycanda da sosial media üzərindən ticarət edənlərin sayı kəskin şəkildə artıb. Artıq bir çoxları alış-verişini, xüsusilə də “İnstagram” vasitəsilə onlayn şəkildə həyata keçirir. Əslində bu normal yanaşmadır: “Ancaq bəzi onlayn mağazalar insanların etibarından istifadə edir. Çalışmaq lazımdır ki, insanlar rəsmi və tanınmış mağazaların səhifələrindən alış-veriş etsinlər. Rəsmi mağazaların səhifələri müştəri münasibətlərinə xüsusi diqqət edirlər. Müştəri məhsulu əlinə alıb yoxlamadan həmin mal üçün ödəmə etməməlidir. Məhsul təhvil verilmədən əvvəl ödəniş tələb edən mağazalardan ümumiyyətlə uzaq durmaq lazımdır”.
Həmsöhbətimiz hesab edir ki, böyük vəsaitlər olan kartlarla alış-veriş etmək doğru olmaz. Bunun üçün ayrıca kartların olması məsləhətlidir: “İnternet vasitəsilə alış-veriş edərkən vətəndaşların diqqət yetirməsi vacib olan məsələlərdən biri insanların sosial mediada olan mağazalarda vergidə qeydiyyatdan keçmələridir”.
Günel CƏLİLOVA