Mərkəzi Bankın dollar satışında 2 dəfə geriləmə var - niyə?
Əkrəm Həsənov: “Müştərilərin ehtiyacına əsasən dollara tələbat artır”
Məlum olduğu kimi, 11 iyul tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 30,6 milyon dollar təşkil edib. Bundan əvvəlki – 9 iyul tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 2 dəfədən çox azalıb.
Belə ki, 9 iyul tarixində keçirilən hərracda 75,3 milyon dollar həcmində valyuta satılıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 48 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 3 milyard 715,2 milyon dollar satılıb.
Maraqlıdır, dollara tələbat niyə iki dəfə aşağı düşüb?
“Dollara tələbat zamana görə dəyişir, banklar xarici valyutanı özləri üçün almır, müştəri üçün sifariş verir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dollara tələbat zamana görə dəyişir. Nəzərə almaq lazımdır ki, banklar dolları özləri üçün almır, müştəri üçün sifariş verir: “Təbii ki, müştərinin dollara tələbatı az olanda, sifariş də az verilir. Məlumat üçün deyim ki, iyun ayında dollar tələbatı yüksək olub, çünki həmin ay yarımillik bitdiyi üçün xarici şirkətlər müqaviləyə uyğun olaraq xarici valyuta ilə ödəniş edir. Həmin şirkətlərə dollar lazım olduğu üçün xarici valyutaya tələbat yüksək olub. Indi isə ilin ikinci yarımilliyi başladığı üçün xarici valyutaya elə də maraq yoxdur. Qeyd etdiyim kimi, müştərilərin ehtiyacına əsasən dollara tələbat artır. Onu da deyim ki, dollar fiziki şəxslərə deyil, daha çox sahibkarlara lazım olur. Şirkətlər hansısa ölkədən mal alanda onlara dollar lazım olur. Vaxtaşırı dollara tələbat artır, ya da azalır. Hazırda dollara maraq yüksək deyil. Bunun da səbəbi yay aylarında dollara tələbatın nisbətən az olması ilə bağlıdır. Bu da onunla bağlıdır ki, turizm mövsümü ilə əlaqədər ölkəmizə minlərlə adam gəlir. Ölkəmizə gələn hər turist özü ilə xarici valyuta gətirir".
Günel CƏLİLOVA