Trampa sui-qəsd cəhdi Baydeni “vurdu” - keçmiş prezidentin qalib gəlmə şansı rekord həddə çatdı
Şənbə günü axşam saatlarında ABŞ-da bütün dünyanı narahat edən şok hadisə baş verib. ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkilərində namizədi Donald Tramp seçki kampaniyası zamanı sui-qəsd cəhdinə uğradı.
Hücum Trampın Pensilvaniya ştatında seçki kampaniyası çərçivəsində tərəfdarları qarşısında çıxış edərkən baş verib. Silah səslərindən sonra təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçərək sağ qulağında qan olan keçmiş prezidenti tribunadan endirərək ərazidən uzaqlaşdırıb. Həmin vaxt Tramp yumruğunu havaya qaldıraraq tərəfdarlarına birlik mesajı verib.
Sui-qəsdi törədən şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən elə hadisə yerində öldürülüb.
Hücumdan sonra ən böyük proqnoz platforması “Polymarket”də Trampın seçkidə qalib gəlmə şansı 9 faiz artaraq rekord həddə - 70 faizə yüksəlib. Sui-qəsd cəhdindən əvvəl isə sorğular Trampın Baydendən cəmi 2 faiz cüzi fərqlə geridə qaldığını göstərirdi.
Keçmişdən nümunələr göstərir ki, sui-qəsd cəhdi Donald Trampın seçki kampaniyasına ciddi təsir göstərəcək. Artan ictimai rəğbət namizədin imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıra, qərarsız seçicilərə təsir edə və mövcud tərəfdarlar arasında birliyi gücləndirə bilər. Tramp da bu hadisədən özünü ifrat çağırışlardan qorxmayan qətiyyətli lider kimi göstərmək üçün istifadə edə bilər.
Ekspertlərin fikrincə, bu hadisə Trampın seçkilərdə qalib gəlmə şansını çox böyük ölçüdə artırdı. Politoloqların fikrincə, Tramp seçilərsə, əvvəlkindən qat-qat qəzəbli və radikal olacaq. Yaşadığı bu olaya görə, demokratların da rəğbətini qazanacaq Trampa respublikaçı seçicilərin dəstəyi daha da güclənəcək.
Sui-qəsd cəhdindən sağ çıxmaq tarixən ABŞ prezidentliyinə namizədlərin siyasi mövqelərinin güclənməsində mühüm rol oynayıb. Amerika siyasətinin keçmişinə nəzər saldıqda görə bilərsiniz ki, bu cür həyati təhlükəsi olan hadisələrlə üzləşənlərə ictimai rəğbət və dəstək çox vaxt artır və bu onların seçkidə qələbəsilə nəticələnir... Təsadüfi deyil ki, bu günə qədər sui-qəsd cəhdlərindən sağ çıxan bütün güclü prezidentliyə namizədlərin sonrakı iqamətgahı Ağ Ev olub…
TAHİR