Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs yaxalandı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən və qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bir neçə rayon sakini polisə müraciət edərək instaqramda tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər. Müraciətlər dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 19 yaşlı Yaşar Məmmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Belə vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da oxşar cinayətlər törətdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Y.Məmmədovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in 102 - Xidməti-Zəng Mərkəzinə, İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də ərazi polis orqanına müraciət edə bilərlər.