İnflyasiya səngidi, qiymət düşmədi - Azərbaycan reallığı təəccüb doğurdu...
Firdovsi Şahbazov: “Başlıca problem bu sahədə, yəni idxalda mövcud olan inhisarçılıqla bağlıdır”
Statistikaya əsasən, ölkəmizdə 2021-ci ildən başlayan inflyasiya və bahalaşma tendensiyası səngiməkdə davam edir. Bu, sevindirici haldır. Lakin vətəndaşlar bunu hələ də hiss etmirlər. Hazırkı statistika sadəcə bahalaşmanın səngidiyini göstərir, ucuzlaşmanı deyil.
Kənarda qiymət artımları bizə həmişə tez təsir edir, ucuzlaşma isə yox. Ümumiyyətlə, ölkəmizdə istehlak məhsulları üzrə ciddi deflyasiyanın, yəni ciddi ucuzlaşmanın baş verdiyi heç vaxt qeydə alınmayıb. Sanki istehlak bazarımız yalnız bahalaşmaya adekvat qurulub. Bunu keçən ildəki statistik rəqəmlər də göstərir.
Məsələn, qlobal bazarlarda ucuzlaşma 2023-cü ilin yanvarından müşahidə olunmağa başlasa da, bizdə inflyasiya ilin sonuna 8,8 faiz təşkil etdi. Dünya bazarında kərə yağının qiyməti 20 faizdən çox ucuzlaşıb, bizdə isə bahalaşır. Bir sözlə, inflyasiya səngisə də, Azərbaycanda ərzaq ucuzlaşmır. Niyə?
“Üstəlik, yanacağın qiymətinin artması məhsulun daşıma qiymətlərinə öz təsirini göstərir”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Bizdə ərzaq qiymətlərinin enməməsi obyektiv və subyektiv səbəblərdən irəli gəlir. Obyektiv səbəb odur ki, daxili istehsalımız azdır. Biz özümüzü bir sıra ərzaq məhsulları ilə təmin edə bilmirik. İdxaldan ciddi asılılıq var. Üstəlik, yanacağın qiymətinin artması məhsulun daşıma qiymətlərinə öz təsirini göstərir. Ancaq başlıca problem bu deyil. Başlıca problem bu sahədə, yəni idxalda mövcud olan inhisarçılıqla bağlıdır. Məsələ ondadır ki, Azərbaycanın ənənəvi problemləri idxal inhisarçılığındadır. Pərakəndə ticarətdə problem yoxdur, minlərlə mağazalar, şəbəkələr, müəyyən rəqabət var. Ancaq məhz topdansatış qiymətlərinin tənzimlənməsi inhisarçılığa daha çox bağlıdır. Ənənəvi olaraq inhisarçılıq problemi həll edilmədiyindən, bəlli sayda şirkətlər var ki, onlar ölkəyə məhsul gətirə bilir. O cümlədən, həmin şirkətlər sövdələşmə yolu ilə qiyməti daxili bazarda tənzimləyə bilirlər. Əsas problemlərdən biri budur. Ona görə də belə xoşagəlməz vəziyyət yaranıb. Təsəvvür edin, Azərbaycanda əhalinin gəlirlərinin 40 faizdən çoxu ərzağa xərclənir. Bu, olduqca yüksək göstəricidir. Bütün bunlar Azərbaycanda əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edir. Ona görə də ərzaq və digər məhsullarla bağlı mövcud inhisarçılıq aradan qaldırılmalıdır”.
Vidadi ORDAHALLI