Vaxtı keçmiş kreditlərin çox hissəsi sahibkarların üzərindədir...
Kamran Məmmədli: “Sahibkarların kreditlərində problemlərə daha çox rast gəlinir”
Xəbər verdiyimiz kimi, bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 466,5 milyon manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 0,9 faiz çoxdur.
Mərkəzi Bankın məlumatına görə, ümumilikdə ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,6 faiz artıb. Araşdırmalar zamanı müəyyən edilib ki, problemli kreditlərin artmasında sahibkarların payı üstünlük təşkil edir. Sahibkarlar aldığı krediti geri qaytarmaqda çətinlik çəkir.
Maraqlıdır, sahibkarlar niyə borcunu qaytara bilmir?
“Biznesmen, adi vətəndaşdan fərqli olaraq, həm banka, həm də məhkəməyə çox savadlı və uzunmüddətli müqavimət göstərə bilir, ona görə də…”
Iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sahibkarların kreditlərində problemlərə daha çox rast gəlinir. Çünki banklar istehlak kreditləri verəndə daha ehtiyatlı davranırlar: “Ancaq əsas problemlər sahibkarlardadır. Kreditlərin həcmindəki artım biznes və istehlak kreditlərinin hesabına deyil, daha çox iri dövlət infrastruktur layihələrinin kreditləşməsi ilə bağlıdır. İri dövlət şirkətləri də kredit götürür. Onların kreditləri daha çoxdur. Həmçinin, biznes kateqoriyası üçün kreditlərin əlçatan olmaması kredit borcunu artıran əsas amildir. Nəticədə kredit götürən təşkilatlar və ya fiziki şəxslər borcunu qaytara bilmir. Onu da nəzərə almaq lazımdır ki, götürülən kreditlərin təyinatı üzrə istifadə olunmaması da problemli kreditlərin həcmini artırır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar biznes kreditlərinin verilməsində maraqlı deyil: “Banklar bu sektora daha az maraq göstərir, çünki uğurlu özəl sahibkar azdır. Uğurlular da, əsasən, dövlət layihələrində iştirak edənlərdir. Dövlət layihələrində isə işləri böyük şirkətlər üzərinə götürür. Yəni onların kreditə bir çox hallarda ehtiyacı olmur. Danılmaz faltdır ki, bank biznes krediti verəndə şəxs ya sabah onu qaytarmaq istəmir, ya da qaytara bilmir. Biznesmen, adi vətəndaşdan fərqli olaraq, həm banka, həm məhkəməyə çox savadlı və uzunmüddətli müqavimət göstərə bilir. Ona görə də banklar sahibkarlara kredit verməyə meylli deyil”.
Günel CƏLİLOVA