MEDİA və “Regional İnkişaf” İB-nin birgə təşkilatçılığı ilə keçirilən “Media ayı” başa çatıb - FOTO
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində keçirilən “Media ayı” başa çatıb.
Bu barədə MEDİA-dan məlumat verilib.
“Media ayı”nın yekununda Azərbaycanın Əməkdar mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının sədri Rəşad Məcidlə könüllülərin “Zoom” platforması üzərindən onlayn görüşü təşkil edilib.
Görüşdə Rəşad Məcid media savadlılığı, müasir dövrdə sosial medianın həyatımızda rolu, müsbət və mənfi tərəfləri, jurnalistika peşəsinə müasir yanaşma, ənənəvi və rəqəmsal medianın müqayisəli təhlili, həmçinin medianın maarifləndirici funksiyası və digər aktual mövzularla bağlı könüllüləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, “Media ayı” çərçivəsində ümumilikdə 11 şəhər və rayonda təlimlər təşkil edilib. Sonuncu təlimlər Bakı şəhərində aparıcı, araşdırmaçı jurnalist Elmin Bayramlı tərəfindən “Xəbər hazırlanmasının əsasları”, Qazax rayonunda isə jurnalist, ssenari müəllifi, rejissor, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı İlham Tumas tərəfindən "İnformasiya təhlükəsizliyi, milli təhlükəsizlik problemləri: dünən, bu gün, sabah" mövzusunda keçilib.
Sual-cavab formatında davam edən təlimlərdə müvafiq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda, onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək olub.
ZÜMRÜD