“Qərbi Azərbaycan" konsepsiyası Paşinyanın siyasətini dəyişdirdi - dedi ki, "vətəndaşlıq alın"...
Qabil Hüseynli: “Onların belə davranışında Azərbaycanın prioritet kimi elan etdiyi “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasının da böyük rolu var”
Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib ki, indiki mərhələdə Qarabağ ermənilərinin geri qayıtması real deyil. Paşinyan bildirib ki, Ermənistan hökuməti bu insanların Ermənistanda qalması və ölkədən mühacirət etməməsi üçün hər şeyi edəcək.
Paşinyan qeyd edib ki, tezliklə bütün Qarabağ erməniləri vətəndaşlıq alacaq və ölkənin həyatına tam inteqrasiya olunacaqlar.
Əvvəl isə Paşinyan deyirdi ki, ermənilər mütləq Qarabağa qayıtmalıdır. Azərbaycanın “ belədirsə, bizim vətəndaşlar da Qərbi Azərbaycana qayıtmalıdır” tələbinin Paşinyanın bu mövqeyə gəlməsində rolu olubmu?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev artıq neçənci dəfədir ki, Qərbi Azərbaycana qayıdışla bağlı anons verir: “Hesab edirəm, bu, gec-tez baş verəcək. Əlbəttə, mümkünsüz görünə bilər, lakin unutmamalıyıq ki, 28 ildən sonra Şuşaya qayıtdıq. Mütləq Qərbi Azərbaycana da qayıdacağıq. “Qərbi Azərbaycana qayıtmaq” deyərkən həmin ərazilərin hərbi yolla ələ keçirilməsindən söhbət getmir. Qərbi Azərbaycan qədim türk yurdu olsa da, təəssüf ki, beynəlxalq hüquqa görə, Ermənistan ərazisi kimi tanınır. Tarixi qaynaqlara, xəritələrə, sənədlərə baxdıqda görürük ki, 19-cu əsrin ikinci yarısına qədər o ərazidə ermənilərə məxsus bir dənə də olsun maddi-mənəvi abidə yoxdur.
Digər tərəfdən, bu torpaqlarda həmin dövrlərdə, demək olar ki, erməni yaşamayıb. Aradan iki əsr keçib və indi Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı yaşamır. Hesab edirəm, ölkə başçısı “biz Qərbi Azərbaycana qayıdacağıq” deyərkən, əslində, ötən əsrin 80-ci illərində bu ərazidən qovulan insanların öz vətənlərinə qayıtmasından danışır. Yəni bura Ermənistan ərazisi olsa da, oranın azərbaycanlı vətəndaşları həmin yerlərdə yaşamalıdırlar.
Prinsip etibarilə bu gün Xankəndi və ətrafında yaşayan bə oranı könüllü tərk edən ermənilər Qarabağa qayıtmaq istəyirsə, niyə Qərbi Azərbaycanda da azərbaycanlılar yaşamasın? Ermənilərin Qarabağda yaşamasından çox, azərbaycanlıların Qərbi Azərbaycanda yaşamaq haqları var. Ermənistan rəhbərliyi artıq bunu yaxşı dərk etdiyi üçün reallıqla barışmaq qərarına gəlib. Rəsmən elan edir ki, Qarabağdan gedən ermənilərə vətəndaşlıq verməyə hazırlaşırlar. Təbiidir ki, onların belə davranışında Azərbaycanın prioritet kimi elan etdiyi “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasının da böyük rolu var”.
Məhəmmədəli QƏRİBLİ