"Azərbaycanda "yaşıl" enerji mərkəzləri yaradılacaq" - Nazir müavini
2030-cu ilədək Azərbaycan yüksək keyfiyyətli "yaşıl" enerji ekoloji mühiti və mərkəzləri yaratmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib.
Onun sözlərinə görə, təyin edilmiş strategiyaya əsasən, ölkədə yaşıl sahə 12 faizdən 12,3 faizədək artırılmalı, istifadəyə yararsız torpaqların ərazisi isə 25 faizdən 15 faizədək azaldılmalıdır.
"Əhalinin içməli su ilə təmin edilməsi 70 faizdən 85 faizə, suvarma suyu ilə təmin olunması isə 80 faizdən 90 faizədək çatdırılmalıdır", - deyə nazir müavini vurğulayıb.
O, həmçinin, qeyd edib ki, tullantıların təkrar emalının payı Bakıda 20 faiz, regionlarda isə 10 faiz olmalıdır.
"Bundan başqa, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasına əsasən, bərpa olunan enerji mənbələrindən enerji istehsalının payı 17,3 faizdən 24 faizə çatdırılacaq", - deyə o əlavə edib.