Ağstafada toyda kütləvi zəhərlənmə - 40-dan çox şəxs xəstəxanaya yerləşdirildi
Ağstafada toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Şadlıq saraylarından birində baş verən hadisədə səhhətində narahatlıq yaranan şəxslər xəstəxanaya çatdırılıb. Onların içərisində azyaşlılar da var.
Toya qonaq gələnlərdən 40 nəfərdən çoxunun restoranda zəhərləndiyi iddia olunur. Ağstafa rayonundakı şadlıq saraylarının birində toy mərasimi zamanı axşam saatlarında qonaqlar arasında halsızlıq, ürəkbulanma və digər bu kimi əlamətlər özünü büruzə verməyə başlayıb. Artıq özünü pis hiss edən qonaqların sayı artdıqca rayon mərkəzi xəstəxanasına kütləvi müraciət qeydə alınıb. Təcili Tibbi Yarım avtomobilləri və xəstələrin yaxın qohumlarının vasitələri ilə zərərçəkənlər Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müraciət edən 40-dan çox şəxsin hər birinə lazımi tibbi yardım göstərilib. Əsasən Ağstafa və Tovuz rayonlarından olan qonaqların çoxu orta yaş qrupuna aid olsa da, içərilərində azyaşlılar da var. Toyda halı pisləşən daha bir neçə nəfər isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu səbəbdən toy məclisi də vaxtından tez yekunlaşdırılıb.
Hadisəyə ilkin səbəb kimi ev şəraitində hazırlanan salatların tərkibində gedən dəyişikliklər ehtimal edilir.
Dərhal hadisə yerinə Ağstafa Rayon Polis Şöbəsinin, Ağstafa Rayon Prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb ediliblər. Şadlıq evində məclisdə qonaqların istifadə etdikləri zəhərlənmə ehtimalı verəcək qida vasitələrindən və içkilərdən analiz üçün nümunələr götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
ZÜMRÜD