Ermənilər Qarabağda ağlagəlməz yerlərdə minalar basdırıblar - beynəlxalq tədbirdə ifşa...
Mətin Məmmədli: “Mina terroruna görə Ermənistan siyasi, hüquqi məsuliyyət daşıyır”
İkinci Qarabağ savaşından sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Ermənistan tərəfi torpaqlarımızı işğal etdikdən sonra bu ərazilərdə çoxlu sayda tank və piyada əleyhinə minalar basdırıb.
2020-ci ilin payızında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan və qələbədən sonra da mülki vətəndaşlarımız, hərbi qulluqçularımız minaların qurbanına çevrildilər. Respublikamız bu gün öz gücü hesabına işğaldan azad edilmiş əraziləri minalardan təmizləyir. Bütün bunlara baxmayaraq, bədbəxt hadisələrin qarşısını tamamilə almaq mümkün deyil.
Məlum problemlə bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir. O qeyd edib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir: “Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalaşdırma işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yolda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir”.
“Minaların basdırıldığı ərazilərə nəzər yetirəndə məlum olur ki, ermənilərin məqsədi dinc insanların öldürülməsidir”
Mina problemi ilə bağlı fikir bildirən siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, vaxtilə ermənilərin basdırdığı minalar bu gün ölkənin ən ciddi problemlərindən biri hesab olunur: “Minaların basdırıldığı ərazilərə nəzər yetirəndə məlum olur ki, ermənilərin məqsədi dinc insanların öldürülməsidir. İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə vətəndaşımız mina terrorunun qurbanı olub. Azərbaycan tərəfi dəfələrlə mina xəritələrinin yerini Ermənistandan tələb edib. Onların verdiyi mina xəritələri düzgün deyil. Bu fakt bir daha onu göstərir ki, Ermənistan tərəfi digər məsələlərdə olduğu kimi yenə də qeyri-konstruktiv movqe nümayiş etdirdi. Bu da iki ölkə arasında danışıqlar prosesinə mənfi təsir edir”.
Siyasi şərhçi qeyd etdi ki, mina terroruna görə Ermənistan siyasi, hüquqi məsuliyyət daşıyır. Zamanla onlar bu əməlinə görə də cavab verəcəklər.
Günel CƏLİLOVA