Nəqliyyat gəlirlərimiz 13 faiz artdı - 5,4 milyard az pul deyil...
Vüqar Bayramov: “Nəqliyyat sahəsinin inkişafı qeyri-neft sektorunun genişlənməsi baxımından önəmlidir”
“2024-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 5,4 milyard manat olub”. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəsmi “X” hesabında məlumat yayıb.
Nazir qeyd edib ki, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 4,8 milyard manat olub.
“Bu, Orta Dəhlizin daha aktiv şəkildə reallaşması anlamına gəlir”
Azərbaycanın nəqliyyat gəlirinin artmasının əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan üçün nəqliyyat sektorunun inkişafı önəmlidir. Nəqliyyat sahəsinin inkişafı qeyri-neft sektorunun genişlənməsi baxımından önəmlidir: “Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun fərqli sahələrindən gəlirin artmasına səbəb olur. Bu səbəbdən də nəqliyyat sahəsində gəlirin artması önəmlidir. Daxili nəqliyyat şəbəkəsinin ölkə üzrə yüklərin daşınan həcminin artması baxımından vacibdir. Bu, Orta Dəhlizin daha aktiv şəkildə reallaşması anlamına gəlir”. Millət vəkili hesab edir ki, nəqliyyat gəlirinin artması bu sahədə daha çox dəyərin formalaşmasına səbəb olur. Onu da nəzərə almaq lazımdır ki, nəqliyyat gəlirinin artması məşğulluq baxımından da əhəmiyyətlidir: “Beləliklə, yaradılacaq iş yerlərinin sayı artacaq”.
Millət vəkili onu da əlavə edib ki, nəqliyyat üzrə gəlirlərin əsas hissəsini tranzit yük daşımaları təşkil edir. Azərbaycanın zəngin daxili təbii sərvətlərin ixracı yük daşımalar vasitəsilə həyata keçirilir. Eyni zamanda, Azərbaycan Şəqrlə Qərbi birləşdirən yeganə elastik dəhlizdir. Azərbaycan sürətlə onun şaxələndirilməsi istiqamətində də işlər görür. Bu baxımdan nəqliyyatdan gələn gəlirlərin artımı başadüşüləndir".
Günel CƏLİLOVA