Rəsmi dövlət sənədlərində "özbaşına tikintilər" təsnifatı olacaq?.. MM-də müzakirə...
Elnur Fərzəliyev: “Hər hansısa bir əmlaka, tikiliyə çıxarışın verilməsi üçün onun təyinatı yazılanlara uyğun gəlməlidir”
“Kütləvi massivlər”, “özbaşına tikililər” adı altında konsepsiya da işlənib təsdiq olunacaq”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.
Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.
Maraqlıdır, bunu “ev amnistiyası”na hazırlıq kimi dəyərləndirmək olar? Ümumiyyətlə, konsepsiya hazırlanarkən hansı nüanslar nəzərə alınacaq?
“Evlərin sənədsiz olması nəticəsində təkcə vətəndaşlar deyil, həm də dövlət büdcəsi itkiyə məruz qalır”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Bakı, Abşeron və ümumən ölkə üzrə çoxlu sayda çıxarış ala bilməyən fərdi həyət evləri, torpaq sahələri və müxtəlif növ daşınmaz əmlaklar mövcuddur: “Nəzərə almaq lazımdır ki, bu tikililərin bir hissəsi sovetlər dövründən qalıb. Digər hissəsi isə təxminən 90-cı illərdən bugünə qədər tikilmiş evlərdir ki, onlara da çıxarışlar verilməməsinin müxtəlif səbəbləri var. Səbəblərdən biri torpaqların kateqoriyasının fərqli olmasıdır. Yəni hər hansısa bir əmlaka, tikiliyə çıxarışın verilməsi üçün onun təyinatı yazılanlara uyğun gəlməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız və yalnız kənd təsərrüfatı təyinatlı tikillər tikmək olar, yəni ferma, anbar və digər aidiyyəti üzrə tikililər. Ancaq bu gün həmin ərazilərdə artıq yaşayış massivləri olduğuna görə həmin evlərə çıxarışların verilməsi üçün birinci növbədə onların torpaqlarının təyinatı dəyişdirilməlidir”.
Ekspert bildirdi ki, evlərin sənədsiz olması nəticəsində təkcə vətəndaşlar deyil, həm də dövlət büdcəsi itkiyə məruz qalır: "Evlərin çıxarışı olsaydı, məcburən vətəndaş bələdiyyə, torpaq vergisi ödəməlidir. Vətəndaşlar bu əmlaklarını ipoteka yolu ilə sata, bundan da banklar yararlana bilərdi. Bunun üçün icra mexanizmi qurulmalı, normativlərə uyğun inşa edilmiş qeyri-yaşayış və fərdi evlərə çıxarış verilməlidir”.
Günel CƏLİLOVA