Paşinyan Qaregin və Köçəryanı ittiham etdi - polislərə hücum ediblər...
Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlament binasının qarşısındakı toqquşmalara görə bütün ermənilərin katalikosu II Qaregini və ölkənin 2-ci prezidenti Robert Köçəryanı ittiham edib. Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Qaregin və Köçəryanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları dünən polislərə hücum edib.
Baş nazir polisin cavabının düzgün və peşəkar olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanda dünən parlament binasının qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım üçün müraciət edib.
Məlumata görə, 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16 nəfər müşahidə altında saxlanılıb. Biləyi zədələnən bir nəfər əməliyyat olunub, pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir
Həmçinin qeyd edək ki, bu gün səhərdən etiraz aksiyasının iştirakçıları artıq İrəvanda Respublika meydanında, Hökumət Evinin qarısında toplanıb. Ərazidə polis kordonları da var.
Dünən məlum olub ki, İrəvanda polis parlament binası yaxınlığında etirazçılara qarşı səs-küylü qumbaralardan istifadə edir. Etirazçılardan birinin biləyi qopub.
Ermənistanda etirazlar aprelin ortalarından keçirilir. Hərəkat "Vətən naminə Tavuş" adını alıb, etiraz iştirakçıları arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə İrəvana yürüşə başlayıb. Qalstanyan həmçinin müxalifətin Paşinyana qarşı impiçment proseduruna başladığını bildirib.
Paşinyan hələ may ayında kilsəni təsir agenti adlandırıb və yaxın aylarda bu problemi həll edəcəyini bildirib.