15 vətəndaşı aldadıb 60 min manatını mənimsəyən şəxs yaxalandı
Vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan mətbuata verilən məlumata görə, adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib.
Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60 min manata yaxın pulunu ələ keçirib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Mətləb Salahov