"SOCAR neft-qaz şirkəti kimi yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir" - Rövşən Nəcəf
SOCAR etibarlı partnyor olub və buna davam edir. Əsas hədəflərimizdən biri ölkəmiz, qonşularımız və digər ölkələr üçün etibarlı enerji təchizatçısı rolunu oynamaqdır. Bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O vurğulayıb ki, SOCAR tərəfdaşları ilə sıx əməkdaşlıq edir.
“Biz tərəfdaşlarımızla müzakirə aparmağa davam edirik və bütün tərəfdaşlar yeni layihələrin həyata keçirilməsinə böyük maraq göstərirlər. SOCAR neft-qaz şirkəti kimi yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir. Onu da bildirim ki, qeyri-ənənəvi enerji üçün quruda və dənizdə böyük potensial mövcuddur. Tərəfdaşlarla birlikdə bunun üzərində işləyirik”, - deyə Rövşən Nəcəf vurğulayıb.
O qeyd edib ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını qarşıya hədəf qoyub: “Biz bu hədəfə doğru gedirik. Bunu həyata keçirmək bizim qarşımızda duran öhdəliklərdən biridir. Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) şirkəti ilə metanın azalması ilə bağlı layihələri var”.