“Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodisk hazırlanır
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış prosesi” istiqaməti üzrə qalib olan Azərbaycan Aşıqlar Birliyində artıq bir neçə gündür ki, layihənin həyata keçirilməsi istiqamətində fəal işlərə başlanılıb.
Bu barədə baki-xeber.com-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihənin həyata keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın aşıq sənətinin əsas beşiklərindən biri olmasına diqqət çəkmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşlərində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir. Əsas diqqət ona yönəldiləcək ki, çağdaş Qərbi Azərbaycan aşıqları bu gün ölkəmizin müxtəlif bölgələrində yaşasalar da, Göyçə, İrəvan, Dərələyəz, Zəngəzur, Ağbaba, Loru-Pəmbək aşıq mühitlərinin ənənəsini necə qoruyub yaşada biliblər.
Layihənin icra planına uyğun olaraq ilkin mərhələdə ifaları diskə daxil ediləcək çağdaş Qərbi Azərbaycan aşıqlarının müəyyənləşdirilməsinə başlanılıb. Qərbi Azərbaycanda mövcud olmuş bütün aşıq mühitlərinin təmsil olunmasına diqqət yetirilir, öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra Bakıda və respublikamızın müxtəlif guşələrində məskunlaşmış Qərbi Azərbaycan əsilli aşıqların ifaları dinlənilərək, ifaları hazırlanacaq audiodiskə daxil ediləcək aşıqlar dəqiqləşdirillir. Bundan sonra isə hər aşığın səsinə uyğun olaraq aşıq havası seçiləcək və bu zaman Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara üstünlük veriləcək. Mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yurd yerlərimizlə bağlı şeirlərə üstünlük təşkil edəcək.
İradə SARIYEVA