Minatəmizləmə işləri 2030-un gündəliyinə daxil edilsə nə baş verəcək?..
“Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda Zəngilanda və Bakıda keçirilən 3-cü beynəlxalq konfransın yekununda qəbul edilən Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının iqlim konfranslarını minaların və müharibənin partlayıcı qalıqlarının ətraf mühitə təsirini qəbul etməyə və həll etməyə, həmin sahə üçün resursların ayrılmasına çağırış edilib.
Belə qərara gəlinib ki, minatəmizləmə fəaliyyətinin 2030-cu il gündəliyinə daxil edilməsi vacib sayılsın və bu məsələnin cari ilin sonunda keçiriləcək Gələcəyin Sammitində nəzərdən keçirilməsi tövsiyə olunsun.
Bizi ciddi narahat edən minatəmizləmə kimi problemin 2030-cü il gündəliyinə daxil edilməsi Azərbaycana və dünyaya nə verəcək?
Azərbaycan qlobal problemlərin həllində böyük səy göstərən və beynəlxalq tərəfdaşlığa böyük əhəmiyyət verən bir ölkə olaraq özü üçün bu cür əməkdaşlığın qurulmasını və möhkəmləndirilməsini prioritet kimi müəyyənləşdirir. BMT ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində davamlı inkişaf sahəsində sənədlər imzalanıb. Müxtəlif əməkdaşlıq proqramları və layihələri həyata keçirilir. Mövcud nəsillərin rifahını təmin etmək və gələcək nəsillərin inkişafına şərait yaratmaq üçün nəzərdə tutulmuş dayanıqlı inkişafın təmini XXI əsrdə və üçüncü minillikdə insanlıq üçün əsas prioritetdir. Bu məsələnin məhz 2030-cu ilin tədbirlər planına salınması təsadüfi deyil. Çünki sözügedən sənəd 2030-cu ilə qədər 169 vəzifənin həyata keçirilməsini təmin edən 17 qoldan ibarətdir, əvvəlki “Minilliyin Məqsədləri”ni tamamlayır və davamlı inkişafın hər üç komponentinin iqtisadi artım, sosial inteqrasiya və ətraf mühitin davamlılığı balansını təmin edir. Hamısı yoxsulluq və aclıqların qarşısının alınmasına, ölkələrdə bərabərsizliyin azaldılmasına yönəldilmiş və
ölkələr arasında sağlam həyat tərzi və ədalətli, yüksək keyfiyyətli təhsil və həyat boyunca öyrənmə, gender bərabərliyi, etibarlı və davamlı enerji mənbələrinə çıxış təmin etmək, mütərəqqi, tam əhatəli və davamlı iqtisadi artım; hər kəs üçün tam və məhsuldar məşğulluq və layiqli iş; ətraf mühitin davamlılığı və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqəli digər vacib sahələri
əhatə edir. BMT gələcəyə sistematik baxır. Mina məsələsi də dünyanı narahat edən qlobal problemdir. Biz bir ölkə kimi bu bəladan əziyyət çəkirik. 2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbaycanın 361 vətəndaşı mina qurbanı olub. Təəssüf ki, bu rəqəm hər həftə artır. Düzgün xəritələrin verilməməsi problemi daha da dərinləşdirir. Mina fəaliyyəti insanlar üçün təhlükəsiz şəraitin yaradılmasına hədəflənib. Həmin fəaliyyət yenidənqurma işlərinin, sosial siyasətin əsasını təşkil edir. Bu prosesə illər lazımdır. Lakin Azərbaycan bu istiqamətdə ciddi işlər görür. Minalar və partlamamış hərbi sursatlar milliyyətindən asılı olmayaraq, insanların həyatlarına son qoyur. Onlar su və torpaq resurslarına ciddi təhdid də yaradır. Dünyada konfliktlərin artdığı vaxtda biz birlikdə müharibələrin fəsadlarına qarşı mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən mənfuru minalardır. Bu baxımdan da minatəmizləmə kimi məsələnin bütün dünyanın diqqət mərkəzində olan 2030-cu ildə BMT səviyyəsində keçiriləcək tədbirlər planına daxil edilməsi həm ölkəmiz, həm də bəşəriyyət üçün faydalı olacaq. Çünki bu problemin fəsadları həm təbiətə ziyan vurur, həm də insan ömrü alır. Bu məsələnin ilin sonunda baş tutacaq Gələcəyin Sammitində nəzərdən keçirilməsi kimi tövsiyənin irəli sürülməsi problemin 2030-cu ildəki mühüm tədbirin gündəliyinə salınmasına şübhə yeri qoymur.
Məhəmmədəli QƏRİBLİ