Erməni general sensasiyalı bəyanat yaydı - verdiklərimiz Ermənistan torpaqları deyil...
Ramil Məmmədli: “Ermənistan ordusunda peşəkar zabitlər real vəziyyəti daha yaxşı bilirlər”
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri birbaşa sərhəddə yerləşdirilib, lakin Silahlı Qüvvələrin bölmələri də orada mövcudluğunu saxlayır. Bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.
O, Tavuşun Berkaber-Baqanis bölgəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri olduğunu bildirib: “Sərhədçilər sərhəddə xidmət edir. Lakin bu istiqamətdə Silahlı Qüvvələrin onlara verilən tapşırıqları yerinə yetirməyə hazır olan nizami bölmələri var”.
O, bir daha “torpaqların təhvil verilməsi” ilə bağlı sual verməməyi xahiş edib: “Mən mülki infrastrukturun problemlərini həll etmirəm: evlər, ərazilər, torpaq sahələri. Bəli, mən əminəm ki, verilən ərazilər Ermənistan Respublikasının əraziləri deyil. Bunu mən demirəm, xəritələrimizdə göstərilən sərhəd bunu təsdiqləyir”.
Ümumilikdə, belə bəyanatlar deməyə əsas verirmi ki, Ermənistan ordusunda revanşist qüvvələrin təsiri getdikcə zəifləyir, sülh tərəfdarlarının mövqeyi isə getdikcə güclənib? Belə qənaətə gəlməyə əsas varmı? Ən azından nəzərə almaq lazımdır ki, E.Asryan Baş Qərargah kimi ölkənin mühüm postuna rəhbərlik edir.
“Qarabağ zəfəri, onun yaratdığı reallıqlar erməni ordusunda revanşist əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə zəiflədib”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında ümumən belə qənaətə gəlməyə əsasın olduğunu qeyd etdi: “Əvvəla, Asryan jurnalistlərə həqiqətləri söyləyib. Ermənistan bizə məxsus olan ərazilərdən qüvvələrini geri çəkib. Burada söhbət hansısa Ermənistan ərazilərinin Azərbaycana verilməsindən getmir. Bəli, Qazaxın 4 kəndi qaytarılandan sonra o istiqamətdə mühüm strateji əhəmiyyətli yüksəkliklər, əlverişli mövqelər Azərbaycanın nəzarətinə keçib. Ermənistanın Qazaxla sərhəd olan bu yerləri olduqca gücləndirilmiş mühəndis-istehkam qurğularına malik idi. Ancaq istənilən halda, həmin ərazilər işğal altında olduğu üçün əvvəl-axır geri qaytarılmalı idi. Hətta aprel ayında Ermənistanın sabiq müdafiə naziri, parlament üzvü Seyran Ohanyan sərhədə səfər etdi. Ermənistan ordusuna müraciət etdi ki, həmin yüksəkliklərdən geri çəkilməsinlər, 19 aprel razılaşmasına əməl etməsinlər. Ancaq bütün bu provokasion çağırışlar orduda hansısa əmrə itaətsizliyə, revanşist əhval-ruhiyəyə səbəb olmadı. Nəzərə almaq lazımdır ki, “Qarabağ klanı” 20 il hakimiyyətdə olub və orduda təsir imkanları, şəbəkələri mövcud olub. Ancaq bunların heç biri vəziyyəti revanşistlərin xeyrinə dəyişmədi. Ona görə ki, Ermənistan ordusunda peşəkar zabitlər real vəziyyəti daha yaxşı bilir. Yaxşı bilirlər ki, erməni ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müharibə aparmaq gücündə deyil. Növbəti müharibə Ermənistan üçün daha ağır fəsadlara gətirib çıxaracaq. Üstəlik, Azərbaycan Ermənistana yox, özünə məxsus olan əraziləri nəzarətə götürüb. Bütün bunlar və ən başlıcası. Azərbaycan Ordusunun Qarabağ zəfəri, onun yaratdığı reallıqlar erməni ordusunda revanşist əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə zəiflədib. Lakin bütün bunlar o demək deyil ki, qarşı tərəfin ordusunda revanş düşüncəsində olan yoxdur. Təbii ki, bu belə deyil. Belələri var və bundan sonra da olacaq, amma onların sayı çox azdır”.
Vidadi ORDAHALLI