Müstəqillik günündə Prezidentin bizimlə olmasından qürur duyuruq - Xocalı sakinlərinin reaksiyası…
Tofiq Əzimov: “Hər iki valideynini itirmiş şəhid ailəsi olaraq Xocalıya geri qayıtmaq mənim üçün qürurdur”
Xocalı indi azaddır, bir vaxtlar erməni işğalçılarının qanlı çəkmələrinin tapdaladığı o torpaqlar əsl sahiblərinə qayıdıb. Bu yerlərə yenidən həyat qayıdır, xocalılılar bundan sonra öz doğma el-obalarında yaşayacaq. Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən ərazilərdə, o cümlədən Xocalıda da həyat yenidən başlayıb.
Məlumdur ki, mayın 28-də Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xocalı şəhərinə köçən sakinlərlə görüşüb. Dövlət başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib, Müstəqillik gününü Xocalı sakinləri ilə birgə keçirib.
Doğma yurduna geri qayıdan Xocalı sakinlərindən biri də Əzimov Tofiqdir. O, Xocalı faciəsi zamanı hər iki valideynini itirib.
“Bir zamanlar məhv olan arzular indi çiçək açıb, ümidlər doğmağa başlayıb, bu şəhərin əzəli sakinləri yenidən evlərinin işıqlarını yandıracaqlar”
T.Əzimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qürur və sevinc hissi ilə Xocalıya geri qayıtdı: “Xocalıya qayıtmaq hissini sözlə ifadə etmək mümkün deyil. Müxtəlif hisslər yaşayırıq. Biz həm fəxr edirik, həm sevinirik, həm də şəhidlərimizin ruhu şad olduğu üçün qürurlanırıq. Hər iki valideynini itirmiş şəhid ailəsi olaraq Xocalıya geri qayıtmaq mənim üçün qürurdur. İşğaldan azad olunan torpaqlarda yaşamaq şəhidlərimizin ruhunu şad edir. Prezident İlham Əliyevə təşəkkür edirik ki, bizlərə bu sevinci bəxş edib”.
T.Əzimov bildirdi ki, Xocalı faciəsi zamanı ata və anası şəhid olub: “Gözümün qabağında valideynlərim şəhid oldu. 2 bacı və 4 qardaşım sağ qaldı, valideynlərimiz Xocalı faciəsinin qurbanı oldu. 2 bacı 5 qardaş çətinliklə həyatla mübarizə apardıq. Xocalının işğaldan azad olunması ilə yaramıza su səpildi. İndi fəxr edirəm ki, artıq öz evimizdəyik. Şükür bu günə ki, öz yurdumuza geri qayıdırıq. Artıq tez-tez ata və anamın məzarını ziyarət edəcəm”.
Xocalı sakini bildirdi ki, ailə üzvlərindən hələ ki, ilk olaraq o geri qayıdır. Zamanla bacı və qardaşının ailəsi də Xocalıya köç edəcək. Proses davamlı şəkildə həyata keçəcək: “Artıq xeyli sayda hazır evlər var. Təbii ki, bu, qürurverici və sevindirici anlar idi. 32 ildən sonra ilk dəfə xocalılılar doğma yurd-yuvalarına qayıdır. Proses davamlı şəkildə olacaq. Çox sayda yaşayış məskənləri hazırlanır. Eyni zamanda qayıdan insanların övladlarının təhsili üçün məktəb hazırdır. Yol infrastrukturu, elektrik enerjisi, qaz, su, rabitə, tibbi xidmətlər də daxil olmaqla, hər biri paralel olaraq hazırdır. Köçən ailələrin məşğulluğunu təmin etmək üçün dövlət mövcud məsələləri nəzərə alır. Bir zamanlar məhv olan arzular indi çiçək açıb, ümidlər doğmağa başlayıb. Bu şəhərin əzəli sakinləri yenidən evlərinin işıqlarını yandıracaqlar. Bu məqsədlə artıq Xocalıda yüksək sürətlə tikinti, abadlıq, quruculuq işləri gedir. Artıq Xocalıya həyat qayıdıb”.
Xocalı sakini son olaraq doğma yurduna qayıtdığı üçün qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdi. O, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdi, bu yolda canından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr dilədi.
Günel CƏLİLOVA