Yeni dizaynda 1 qəpikliklər nəyə lazım olacaq...
Əkrəm Həsənov: “Qəpiklər qanuni ödəniş vasitəsidir, aşağı nominallı qəpiklərin dövriyyədə problem yaratması qanun pozuntusudur”
Azərbaycan Mərkəzi Bankı (AMB) nominal dəyəri 1 qəpik olan yenilənmiş metal sikkələri dövriyyəyə buraxıb. Sikkənin arxa tərəfinə yeni dizayn elementləri kimi dövlət gerbi, o cümlədən əskinasın buraxılış ili əlavə edilib.
Qeyd edək ki, yeni dəmir sikkələr köhnələri ilə birlikdə dövriyyədə olacaq. Məlumdur ki, nağd ödənişlər zamanı istehlakçılar nəinki 1 qəpiklikləri, çox vaxt 3-5 qəpiklikləri götürmürlər. Belə olduğu halda yeni 1 qəpikliklərin dövriyyəyə buraxılması hansı zərurətdən doğub?
“Xırda nominallı pulların yenidən dövriyyəyə buraxılmasına səbəb nağd ödənişlərin qaydasında olmasıdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qəpiklər qanuni ödəniş vasitəsidir. Aşağı nominallı qəpiklərin dövriyyədə problem yaratması qanun pozuntusudur. Aşağı nominallı qəpiklərin manatlıq, yaxud digər nominallı qəpiklərdən heç bir fərqi yoxdur: “İnsanlar nağd ödəniş edən zaman onlara xırda pul qaytarılmırdı. Satıcılar 1 qəpikliklərin olmamasını əsas gətirərək qalığı geri qaytarmırdı. Bu səbəbdən də xırda nominallı pullar yenidən dövriyyəyə buraxılıb. Bunun edilməsində məqsəd nağd ödənişlərin qaydasında olmasıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Mərkəzi Bankın qəpik istehsal etdirməsi daha çox xərc tələb edir. Mərkəzi Bank ölkədə daha çox hansı əskinasa ehtiyac olduğu barədə statistika aparmalıdır: “Əslində nəinki 5 qəpik, heç 10 qəpik də artıq istifadə olunmur. Xırda pula – 1-5 manata, 10 manata, 20 manata hətta ehtiyac hiss olunur. Mərkəzi Bank əvvəla statistika aparmalıdır ki, hansı əskinasa tələbat yüksəkdir. 20 və 50 qəpik nədəsə istifadə olunur. Onu da deyim ki, son zamanlar əhali kartla ödənişə üstünlük verir. Kartla marketlərdə ödəniş edilən zaman onlara müəyyən faizdə cashback verilir. Bu da istər-istəməz nağdsız əməliyyatlara marağı artırır”.
Günel CƏLİLOVA