Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir...
Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.
Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm".
Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Museveni də Prezident İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Uqanda Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz ortaq məqsədlər naminə birgə çalışır və biz əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həmçinin xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik. Əminəm ki, xalqlarımızın ənənəvi yaxın münasibətləri qarşıdakı illərdə genişlənməkdə və inkişaf etməkdə davam edəcəkdir.
Ölkənizin tarixindəki bu önəmli günü qeyd edərkən Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".