Qazax, Ağstafa və Tovuzda subasma təhlükəsinə dair xəbərdarlıq edildi
Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayının hövzəsinə yağan leysan yağışları nəticəsində çaydan güclü sel keçib və hazırda davam etməkdədir.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Hikmətov bildirib.
Onun sözlərinə görə, Debet çayının Kür çayına töküldüyü nəzərə alınaraq, eyni zamanda, qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışları nəticəsində çayın Tiflis məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur: "Bununla əlaqədar olaraq, 26-28 may tarixlərində Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyənin artacağı və çayın Qazax, Ağstafa, Tovuz rayonlarından keçən bəzi hissələrində subasma olacağı istisna olunmur".
Nazim Hikmətov qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq Qazax, Tovuz, Ağstafa rayonları ərazisində yaşayan əhalinin diqqətli olmaları xahiş olunur və sahillərdən məsafə saxlamaları tövsiyə edilir.