Tanınmış şairin "Xəzanda yaz gülləri" kitabı nəşr olunub
Rza Xələfli sadəcə yaxşı ədib deyil, o, sözümüzün fədakar fəhləsi, zəmanənin bütün biganəliklərinə rəğmən söz ocağımızın gur yanması üçün təmənnasız xidmət yolunu seçmiş usanmaz qələm sahibidir". Akademik Rafael Hüseynovun bu fikri tanınmış şair-publisist Əli Rza Xələflinin “Gənclik” nəşriyyatında yenicə işıq üzü görmüş “Xəzanda yaz gülləri” adlı (xatirə-poema) kitabında yer alıb.
“Xəzanda yaz gülləri” xatirə-poeması yaddaş motivləri əsasında qələmə alınmış epik-lirik əsərdir. Müəllif əsər boyu özünü ifadə üçün ümumi mətnin ruhu ilə səsləşən ənənəvi poetik örnəklərdən də istifadə edir. Əsər ötən əsrin 70-ci illərindəki gənclərin həyatını çox həssaslıqla, ən başlıcası real cizgilərlə əks etdirir. Qaynar, sağlam ruhlu gənclərin həyat idealı – Vətənə, insanlığa xidmət, vicdana güvənərək haqqı, həqiqəti qorumaq istəkləri qanadlı bir ilhamla tərənnüm olunur. Əsərdə lirik mən obrazının daşıyıcısı həyatın hər cür əzablarına davam gətirərək sağlam düşüncəsinə sadiq qalır. Xatirə-poemada yeni Azərbaycanı quranların sırasında “Xəzanda yaz gülləri” əsərinin qəhrəmanlarını da görürük.
Kitabın redaktoru və “Ön söz”ünün müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Əkbər Əlioğlu, rəyçisi iqtisad elmləri üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəddat Cəfərov, məsləhətçiləri pedaqoq Balaxanım Ələsgərova və publisist İsmayıl Həkimlidir.
İnanırıq ki, Əli Rza Xələflinin “Xəzanda yaz gülləri” əsəri oxucular üçün çox dəyərli töhfə olacaq.
Leyla QARAXANLI