Dünya Bankı Azərbaycanla 5 illik əməkdaşlıq sazişi imzalamağa hazırlaşır - “yaşıl enerji”yə əlavə pul gəlir...
Eldəniz Əmirov: “Azərbaycan kimi bir ölkə ilə əməkdaşlıq bu qurumun öz funksionallığını daha yuxarı səviyyədə yerinə yetirməsinə imkan verir”
Dünya Bankının icraçı direktoru Dominik Favre jurnalistlərə açıqlamasında bəyan edib ki, “Azərbaycanla Dünya Bankı arasında tərəfdaşlıq hər iki tərəf üçün son dərəcə vacibdir”.
Onun sözlərinə görə, tərəflər arasında yaşıl iqtisadiyyat, bərpa olunan enerji sahələrində, o cümlədən innovativ rəqəmsal aspektdən əlaqələri inkişaf etdirməklə bağlı ideyalar mövcuddur. “Bu çox perspektivli tərəfdaşlıqdır. Biz tərəfdaşlığımızın daha da güclənməsini gözləyirik. Hazırda növbəti 5 il üçün Azərbaycanla bağlı tərəfdaşlıq sazişini yekunlaşdırmaq üzrəyik. Biz bunu Ölkə Tərəfdaşlıq Çərçivə Sənədi adlandırırıq. Bu, təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafı baxımından ambisiyalı sənəd olacaq”,- deyə Dünya Bankının icraçı direktoru qeyd edib.
Dünya Bankı Azərbaycanla növbəti beş il üçün tərəfdaşlıq sazişi hazırlayır. Bu, "Yaşıl iqtisadiyyat" və alternativ enerji mənbələrinə keçid üzrə məsələlərlə bağlıdır. Bu çox böyük uğurdur. Azərbaycanın bununla bağlı layihələrinə xaricdən investisiya gəlişi, kredit cəlb olunması nailiyyətdir.
Mövzu ilə əalqədar baki-xeber.com-a şərh verən iqtisadçı Eldəniz Əmirov bildirdi ki, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı yeni deyil: “Bir çox istiqamətlər üzrə uzun müddət ərzində Azərbaycan bu bankla əməkdaşlıq edib. Bilirik ki, bu bank dünyanın ən böyük maliyyə təsisatlarından biri olaraq bir çox layihələrin maliyyələşdirilməsində müxtəlif ölkələrdə böyük ölçüdə iştirak edib. Azərbaycanda hazırda alternativ enerji strategiyası uğurla icra edilməkdədir. Bu strategiyanın da qüsursuz icrası üçün, təbii ki, müəyyən maliyyə ilə təmin olunmasına ehtiyac var”.
E.Əmirov vurğuladı ki, bu baxımdan, Dünya Bankının Azərbaycanla əməkdaşlığı başadüşüləndir. “Dünya Bankının rəhbərinin qeyd etdiyi kimi, bu həm də bu bankın özü üçün faydalıdır. Çünki Azərbaycan kimi bir ölkə ilə əməkdaşlıq bu qurumun öz funksionallığını daha yuxarı səviyyədə yerinə yetirməsinə imkan verir. Azərbaycana gəldikdə isə, təbii ki, Azərbaycan üçün də bu önəmlidir”-deyə E.Əmirov qeyd etdi.
O vurğuladı ki, çünki həm belə bir təsisatla əməkdaşlıq faydalıdır, həm də burada məsələ təkcə maliyyə vəsaitlərinin daxil olması deyil, eyni zamanda müəyyən xidmətlərin, o cümlədən də konsolidasiya xidmətlərinin həyata keçirilməsi mümkündür.
İradə SARIYEVA