Heydər Əliyev Mərkəzində italiyalı heykəltəraşın sərgisi açılıb
Heydər Əliyev Mərkəzində italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisi açılıb. Oktyabrın 26-dək davam edəcək “Görünməyənin cizgiləri” adlı sərgidə müəllifin 40-dək əsəri nümayiş olunur. Açılış mərasimindən əvvəl heykəltəraş Canfranko Megiato jurnalistlərə açıqlamasında əsərlərinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən məmnunluq hissi keçirdiyini deyib. Heykəltəraş buranın onun üçün sonsuzluq ifadə etdiyini qeyd edib. O, bəzi əsərlərində Mərkəzin binasından da ilhamlandığını bildirib.
"Əsərlərimin məhz bu məkanda sərgilənməsi mənim üçün bir stimul oldu. Həmçinin qeyd etmək istəyirəm ki, ekspozisiyada yer alan əsərlərin 19-u ictimaiyyətə ilk dəfə təqdim olunur", - deyə Canfranko Megiato əlavə edib. Heykəltəraşın sözlərinə görə, Azərbaycan öz milli-mənəvi dəyərlərini Avropadan fərqli olaraq qoruyur və gələcəkdə də qoruyub saxlayacaq.
Bakı sərgisi üçün hazırlanmış əsərlər sırasında “Cücərmə” (“Germination”), “Kvant nəfəsi” (“Quantum Breath”), “Mistral” (“Mistral”), “Elm və bilik” (“Science and Knowledge”), “Oyanış” (“Awakening”), “Yaradılış” (“Creation”) və digərləri izləyicilərdə böyük maraq yaradacaq.
Mətləb Salahov