Məşhur sosial şəbəkə səhifələrində qanunsuz mərc oyunlarının qızğın təbliğatı gedir...
Hüseyn Axundov: “Bir qrup şəxs məqsədli şəkildə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır”
Son zamanlar qanunsuz mərc oyunlarının qurbanları çoxalıb. Bu qurbanlar internet platformalarında olan reklamlara aldanır və daha sonra müəyyən məbləğdə pul qoyub mərc oyunları oynayırlar.
Qeyd edək ki, hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində də qanunsuz şans oyunlarının reklamı və təbliğatı tüğyan edir. Sosial şəbəkələrdə məşhur olan bir çox Azərbaycan səhifələri bu oyunların geniş təbliğatını aparır.
“İnternet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir qrup şəxs məqsədli şəkildə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır. Halbuki, ölkəmizdə belə hərəkətlər qanunvericiliyə ziddir: “İnternet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir. Həmin platformanı işlədənlər daimi olaraq domenlərini dəyişirlər. Çünki qanunsuz olduğuna görə domenləri dövlət tərəfindən bloklanır. Ümid edirəm ki, qanunsuz mərc platformalarının reklamı tez bir zamanda dayandırılacaq. Onu da deyim ki, son vaxtlar sosial şəbəkələrdə gedən qeyri-qanuni mərc platformalarına qoyulan pulların geri qayıtmaması ilə bağlı çox şikayətlər olur. Ona görə də bu cür oyunları oynamaq məsləhət deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məlum problemlə bağlı maarifləndirmə işləri artırılmalıdır: “Burada insanların hüquqları pozulur. Sosial şəbəkədə, KİV-də bu istiqamətdə məlumatlar, videolar paylaşılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən daima informasiya mübadiləsi aparılmalıdır. İnfluenserlər bu işdə aktiv olmalıdırlar. Bir sözlə, onlayn qumar oyunlarının mənasız olması, insanların qazancını, gəlirini necə mənimsəməsi haqda məlumatlar yayılmalıdır”.
Günel CƏLİLOVA