Dünyada problemli kreditlərin həll yolu tapılıb - Azərbaycanda yox...
Əkrəm Həsənov: “İstehlak kreditlərində sığortanın olmamaması ciddi problemlərə yol açır”
Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 454,1 milyon manatdan bir qədər artıqdır. Dünya praktikasında problemli kreditlərin ləğvi üçün müxtəlif üsullar var. Onlardan biri də kreditlərin sığortalanmasıdır. Azərbaycanda isə belə bir təcrübə yoxdur.
Kredit götürən şəxs vəfat etdiyi zaman onun əvəzinə zamanət vermiş şəxs qalan krediti ödəmək məcburiyyətində qalır. Əgər girov varsa, o zaman girov satılaraq kredit bağlanır. Təbii ki, belə inzibati qaydalar sonda narazılıq yaradır. Bu səbəbdən istehlak kreditlərinin də sığorta olunması vacib hesab edilir. Maraqlıdır, banklar istehlak krediti verərkən niyə sığorta etmir?
“İstehlak kreditlərinə həyat sığortasının tətbiqində vətəndaşlar daha maraqlı olmalıdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, istehlak kreditlərinə həyat sığortasının tətbiqində vətəndaşlar daha maraqlı olmalıdır: “Bu məsələ beynəlxalq təcrübədə də mövcuddur. Bunun üstünlükləri çoxdur və yaxşı olardı ki, Azərbaycanda tətbiq edilsin. Banklar və sığorta şirkətləri bu istiqamətdə müştərilərə məhsul təklif edə bilərlər. Vətəndaş düşünə bilər ki, bu, ödəməli olduğu məbləği bir qədər də artıracaq. Çünki sığorta şirkətinə də ödəniş etməlidir. Amma sonda həm vətəndaşın ailəsinin itkiləri olmur, həm də bankların risqləri aradan qalxır, sığortaçılar üçün də müsbət imkanlar yaranır. Bir sözlə, hər kəs bundan faydalanır".
Ə.Həsənov bildirdi ki, istehlak kreditlərində sığortanın olmamaması ciddi problemlərə yol açır: “Deyək ki, vətəndaş ölüb, bir evi qalıb və həmin evdə də onun vərəsələri qalır. Əgər o ev vərəsələrə keçirsə, o zaman həmin vərəsələr bu borcu bağlamalıdır. Bu da xeyli problemə gətirir. Evin başçısı işləyib qazanırdı, lakin onun həyat yoldaşı və ya uşaqları bu krediti verə bilmirlər. Nə ola bilər? Bank buna görə onları məhkəməyə verə və evi onlardan ala bilər. Deməli, həmin şəxslər evsiz qala bilərlər. Borcalanın həyat sığortası elə ilk növbədə onun özü üçün lazımdır. O öldüyü halda, ev ondan ailəsinə miras qalırsa belə, artıq onların üzərində borc olmayacaq. Belə olan halda bankın da kredit risqləri kiçilir. İllərlə məhkəmələrdə düşüb vərəsə axtarılmayacaq. Bu, sığorta şirkətlərinin də xeyrinədir və sığortaçılar üçün əlavə gəlir yeridir”.
Günel CƏLİLOVA