Kəngərli kənd məktəbində 2 şəhid əmioğlanların xatirələri əbədiləşdirildi....
Tərtər rayonunun Kəngərli kənd şəhidi Qəhrəman gizir Emin Abbaszadənin mövludu günü ilə əlaqədar doğulub böyüdüyü Kəngərli kənd orta məktəbində adına sinif verilib. Bu münasibətlə mayın 15-də şəhidin valideynləri Nərminə ana və Faiq ata ilə görüş keçirilib. Görüşdə rayon İcra başçısı Müstəqim Məmmədov da iştirak edib. Sinif şagirdlərinə qəhrəman gizir haqqında məlumat verilib və şəhidə həsr olunmuş şeirlər söylənilib. İcra başçısı şəhid haqqında danışmaqla bərabər, belə bir oğul böyütdüklərinə görə valideynlərə öz təşəkkürünü bildirib. Şəhidinin valideynləri də övladlarının xatirəsinə yüksək dəyər verdikləri üçün icra hakimiyyəti başçısına, məktəb direktoruna, eləcə də məktəbin müəllim və şagird kollektivinə minnətdarlıqlarını bildiblər.
Sonra həmin gün şəhid Emin Abbaszadənin və 44 günlük müharibədə şəhid olmuş əmisi oğlu Elşad Abbasovun adına tikilmiş abidə bulağının açılışı olub. Açılışda rayon icra başçısı, icra nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, eləcə də kənd sakinləri iştirak ediblər.
Abidənin üzərinə tər çiçək dəstələri qoyulub, ruhlarına fatihə verilib. Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirləri dinlənilib. Tarix yazan şəhidlərimiz Emin Abbaszadə və Elşad Abbasov kimi igid oğullarımızın xatirəsi həmişə yaddaşlarda qalacaq və xatirlanacaq. Allah hər ikisini, eləcə də bütün şəhidlərimizə rəhmət eləsin.