Azərbaycan Belarusla birgə dərman istehsal edəcək...
Pərvanə Mustafayeva: “Belarusla müştərək fəaliyyətimiz iqtisadi, ictimai həyatın bütün sahələrində, o cümlədən əczaçılıq sənayesində önəmlidir”`
Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında deyib:
“Əczaçılıq məhsullarına gəlincə, biz hətta sabah belə, sizə lazım olan dərmanların tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal yaratmağa hazırıq. Bu da çox böyük proqramdır. Bu, Azərbaycanda heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu zaman burada heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət olmalıdır”.
Qeyd edək ki, zamanla bir sıra ölkələr Azərbaycana əczaçılıq sahəsində əməkdaşlıq təklif edib. Maraqlıdır, Azərbaycanın Belarusla birgə dərman istehsal etməsi əczaçılıq sənayesinin inkişafına necə təsir edəcək?
“Belarusla birgə əczaçılıq müəssisənin yaradılması dərman vasitələrinin maya dəyərinin aşağı düşməsi, həmçinin yeni iş yerlərinin açılması baxımından sərfəlidir”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dərman məsələsinə görə Azərbaycan idxaldan asılı ölkədir: “Bununla bağlı Azərbaycan müəyyən işlər görməli, bəzi vacib dərmanların istehsalını öz ərazisində təmin etməyə çalışmalıdır. Belarus əczaçılıq sənayesi dünyada qəbul edilən sənayelərdən biridir. Belarusla müştərək fəaliyyətimiz iqtisadi, ictimai həyatın bütün sahələrində, o cümlədən əczaçılıq sənayesində önəmlidir”.
Həkim hesab edir ki, Belarusla birgə əczaçılıq müəssisənin yaradılması dərman vasitələrinin maya dəyərinin aşağı düşməsi, həmçinin yeni iş yerlərinin açılması baxımından sərfəlidir. Ölkə başçısının sərəncamı ilə ölkəmizdə bir neçə sənaye texnoloji park yaradılıb ki, onlarda vergi və rüsumla bağlı bır sıra üstünlüklər var: “Dərman istehsal edərkən, təkcə zavodda işləmək üçün deyil, onun distribütorlarında çalışacaq, dərmanların rayonlara çatıdırılması, təşkili həmçinin ölkədən kənara çıxarılması üçün də bizə işçilər və kadrlar lazım olacaq”.
Günel CƏLİLOVA