G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının Sammitindəki QHT-lər Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyən bəyanat yaydı
İtaliyada G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər Azərbaycanı COP29-a ev sahibliyi edən ölkə kimi dəstəkləyən bəyanat yayıblar.
“Report” xəbər verir ki, sənədi 8 ölkədən 30 QHT, o cümlədən Fransa QHT-ləri və UNESCO nümayəndələri imzalayıblar.
Bəyanatda deyilir:
“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları dünya birliyini dayanıqlı gələcəyə doğru aparmaq kimi vacib missiya daşıyan, COP29 sədrliyini üzərinə götürən və tədbirə ev sahibliyi edən Azərbaycanı dəstəkləyirik.
Planetimizin üzləşdiyi iqlim dəyişmələri probleminin ekoloji təsirləri ilə bağlı dərin narahatlıq keçirir və iqlim böhranını aradan qaldırmaq üçün atılan hər bir addımı yüksək qiymətləndiririk.
Azərbaycan dünya dövlətlərinə əməkdaşlıq, təcrübə mübadiləsi aparmaq və alyanslar yaratmaq üçün platforma təmin edir, iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün kollektiv səylərin təşviqində nümunəvi liderlik nümayiş etdirir.
Vətəndaş cəmiyyəti təşkilatları ilə konstruktiv qarşılıqlı fəaliyyətə üstünlük verən Azərbaycan COP29-dakı müzakirələri zənginləşdirəcək, inklüzivliyə töhfə verəcək və nəticədə Paris Sazişinin məqsədlərinə çatmaq üçün kollektiv səyləri inkişaf etdirəcək. Bu nailiyyət Azərbaycanın səmərəli çoxtərəfli diplomatiya bacarığını nümayiş etdirir və onun gələcək nəsillər üçün dayanıqlı gələcəyin formalaşmasında həlledici rolunu vurğulayır.
İnanırıq ki, COP29 dövlətlər arasında əhəmiyyətli əməkdaşlığa töhfə verəcək, iddialı vədləri artıracaq və konsensusa aparacaq.
Biz, COP29-a sədrlik edən Azərbaycan və dünyanın digər vətəndaş cəmiyyəti qrupları ilə iqlim dəyişmələrinin qarşısını almaq və planetimiz üçün gələcək vəd edən səylərimizlə həmrəylik üçün birləşirik”.
Xatırladaq ki, son vaxtlar nüfuzlu xarici QHT-lər COP29 ölkəsi kimi Azərbaycana ardıcıl dəstək bəyanatları yayır. Bu günlərdə BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edən xarici QHT-lərdən bir qrupu - 128 xarici QHT də Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində fəaliyyətini alqışlayan bəyanat yaymışdı. Bu bəyanatlar Azərbaycanın hamı üçün faydalı qlobal təşəbbüslərinin dünyada yüksək maraqla qarşılanmasını nümayiş etdirir.