Qarabağ separatçılarının həbs müddəti uzadıldı
Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezident”ləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına Binəqədi Rayon Məhkəməsində baxılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
NAMİQ