Moskvanın rus sərhədçilərin Ermənistandan tam çıxarılacağı xəbərlərini təkzib etdi...
Moskvanın guya İrəvana öz sərhədçilərini Ermənistan ərazisindən tamamilə çıxarmağı təklif etməsi həqiqətə uyğun deyil. Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan rəhbərlərinin mayın 8-də keçirilən görüşü ilə bağlı çox sayda spekulyasiyalar mövcuddur.
"Rusiya tərəfinin guya öz sərhədçilərini Ermənistan ərazisindən çıxarmağı təklif etməsi ilə bağlı fərziyyələr həqiqətə uyğun deyil", - o deyib.
Rusiya sərhədçilərinin Bakı və İrəvan arasında razılaşma çərçivəsində çıxarıldığına dair iddiaların da uydurma olduğunu bildirən Rusiya XİN nümayəndəsi, bu müzakirələrin Ermənistan tərəfinin xahişi ilə keçirildiyini əlavə edib.
"Reallıq ondan ibarətdir ki, Rusiya və Ermənistan liderlərinin danışıqları zamanı qarşı tərəfin xahişi ilə rus sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd bir sıra vilayətlərdən çıxarılması müzakirə olunub", - o deyib.
Qeyd edək ki, mayın 14-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizəd Aleksandr Bortnikov bildirib ki, İrəvan Azərbaycanla həmsərhəd ərazilərdəki Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını çıxarmağı xahiş edib.