Makron Yeni Kaledoniyanı qan gölünə çevirir - iğtişaşlarda azı 3 nəfər ölüb, çox sayda insan həbs edilib
Fransanın səsvermə qaydalarına ziddiyyətli islahatları qəbul etməsindən sonra Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində başlayan kütləvi iğtişaşlar davam edir.
İğtişaşlara Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi səbəb olub. Qanun layihəsində düzəliş Fransanın adadakı rolu ilə bağlı onilliklər boyu davam edən mübahisənin ən son alovlanma nöqtəsidir. Tənqidçilərin fikrincə, bu addım yerli əhali olan kanakların səslərinin gücünü azaldacaq, Avropadan yeni gələnlərin səsverməsinə icazə verəcək.
Müşahidəçilər bildirir ki, Yeni Kaledoniyada son 30 ildə ən böyük iğtişaşlara səhnə olur. Paytaxt Numeaya silahlı təhlükəsizlik qüvvələri yeridilib. Şəhərdə komendant saatı tətbiq edilməsinə baxmayaraq, iğtişaşlar dayanmadan davam edir.
İğtişaşlar zamanı ən azı üç nəfər həlak olub. "Əl-Cəzirə" xəbər verir ki, Yeni Kaledoniyada bir gecədə 130-a yaxın adam həbs edilib. Bazar ertəsindən bu yana 300-dən çox adamın yaralandığı bildirilir. Adada məktəblər və digər müəssisələr bir neçə gündür bağlanıb və beynəlxalq hava limanından uçuşlar dayandırılıb.
Qeyd edək ki, 1853-cü ildən etibarən Fransanın müstəmləkəsi olan, 270 minlik əhalisi olan Yeni Kaledoniya Sakit Okeanda yerləşən ada dövlətidir.
XX əsrin əvvəllərindən etibarən Fransa adada aşkarlanmış faydalı qazıntı yataqlarını istismar etməyə başlayıb. Belə ki, adanın qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarılaraq Fransaya daşınıb. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən qurtulmağa çalışır.
Yeni Kaledoniya dünyanın ən böyük 3-cü nikel istehsalçısı olmasına baxmayaraq, ölkədə hər beş nəfərdən biri yoxsulluq həddinin altında yaşayır.
TAHİR