Azərbaycanın cənub bölgəsində zəlzələ - Seysmoloji Mərkəz əhaliyə çağırış etdi...
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.
Məlumatda bildirilib ki, ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Bildirilib ki, zəlzələnin maqnitudası 5.3 olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.
Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir: "Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik".
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
NAMİQ