Qızılın qiyməti fantastik sürətlə qalxacaq - Azərbaycanda artıq 150 manat qalxıb...

Xalid Kərimli: “Dünya bazarında qızılın qiyməti bahalaşır, bu hal Azərbaycan bazarına da təsir edir"
Qlobal maliyyə bazarlarında qızılın qiyməti sürətlə yüksəlməyə davam edir. ABŞ-nin nüfuzlu investisiya bankı "Goldman Sachs" proqnozlaşdırıb ki, gələn il qızılın bir troya unsiyasının qiyməti 4000 dollara qədər arta bilər. Bu ilin sonuna qədər isə qızılın dəyərinin 3700 dollara çatacağı ehtimal edilir. Onu da qeyd edək ki, son bir ildə qızıl 38 faiz bahalaşıb.
Danılmaz faktdır ki, qızılda qeydə alınan artım ondan hazırlanan zinət əşyalarının qiymətinə də təsir edir. Azərbaycanda 2024-cü ilin əvvəlində 5 qramlıq 750 əyar qızılın qiyməti 600 manat olduğu halda, hazırda bu məbləğ 750 manata qədər yüksəlib. Hazırki şəraitdə "Goldman Sachs" proqnozu Azərbaycanda qızıl alışına necə təsir edəcək?
“Azərbaycan qızıl bazarında qiymət artımı, demək olar ki, hər gün qeydə alınır”
İqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2025-ci ildə qızılın qiymətinin qalxacağına dair proqnozlar var: “Qızılın qiymətində artım son illər daha çox müşahidə olunur. Qiymətin daha da artacağı ehtimal edilir. Hazırda Azərbaycan qızıl bazarında qiymət artımı, demək olar ki, hər gün qeydə alınır. Ölkəmizdə qızılın bahalaşmasının birbaşa səbəbi dünya qızıl bazarında qiymətlərin artmasıdır. Hazırda həm dünya iqtisadiyyatı, həm qlobal hərbi və siyasi vəziyyət, həm də müharibələrlə bağlı ciddi risqlər mövcuddur. İqtisadi, ticari və hərbi müharibələr, habelə dövlətlərin bir-birinə sanksiya tətbiq etməsi ilə yanaşı qeyri-müəyyənliklərin artması qızılın qiymətinə də təsirsiz ötüşmür. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar digər ölkələrin qızıl ehtiyatlarını artırmasına gətirib çıxarıb. Ölkələrin bir-birinə qarşı kəskin sanksiyalar və tariflər tətbiq etməsi dünyada iqtisadi böhran risqini də artırır. Ümumiyyətlə, hansısa ölkənin iqtisadiyyatı çöksə, valyutası da ucuzlaşacağı üçün qızıl ehtiyatlarını artırmağa üstünlük verirlər. Yəni bütün bunların fonunda dünya bazarında qızılın qiyməti bahalaşır. Bu hal Azərbaycan bazarına da təsir edir".
Günel CƏLİLOVA