Marketlərdə “kərə yağı müəmması” yeni məzmunda üzə çıxdı...
Akif Nəsirli: “İnhisarçı sahibkarlar daha çox qazanc əldə etməkdən ötrü qiymətləri aşağı salmırlar”
Xaricdən gətirilən kərə yağı 16 faiz ucuzlaşıb, amma marketlərdə ucuzlaşma cəmi 7 faizdir. Bu ilin yanvar ayında Azərbaycan xaricdən ümumi dəyəri 5 milyon 441,8 min dollar olan 1 022,5 ton kərə yağı idxal edib. Belə ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) olub.
Ancaq son bir ildə idxal olunan kərə yağının qiymətində 16 faiz ucuzlaşma baş verib. Lakin son bir ildə idxal olunan kərə yağının qiymətində qeydə alınan 16 faizlik ucuzlaşmaya baxmayaraq, ölkə daxilindəki pərakəndə satış mağazalarında bu səviyyədə ucuzlaşma müşahidə edilmir. 2023-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında ölkədə kərə və bitki yağlarının qiyməti cəmi 6,8 faiz ucuzlaşıb.
Maraqlıdır, idxal qiymətləri 2 dəfədən çox ucuzlaşdığı halda, daxildə kərə yağlarında ucuzlaşma niyə belə azdır?
“Bu səbəbdən Azərbaycanda satılan kərə yağlarının qiyməti belə bahadır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini inhisarçılıqla əlaqələndirdi: “Problem ondadır ki, yağları idxal edən və pərakəndə satan subyektlər qiymətlərin aşağı salınmasına imkan vermirlər. Həmin sahibkarlar fəaliyyət göstərdikləri sahədə inhisarçı mövqeyə malikdilər. Həm yağın idxalı ilə məşğul olanlar, həm də pərakəndə satışı həyata keçirən sahibkarlar. Deməyim odur ki, çox az sayda sahibkar ölkəyə yağ idxal edir və o da bəlli marketlərdə satılır. Bəlli marketlər də, bəlli idxalçılar da inhisarçıdır. Yağ idxalçılarının sayı az olduğuna görə, onlar sindikat razılaşmaya gedirlər və qiymətin aşağı düşməsiinə imkan vermirlər. Məsələn, dünya bazarında kərə yağının qiyməti 16 faiz ucuzlaşıb. Amma bizim yağ idxalı ilə məşğul olan sahibkarlar çalışırlar ki, bu ucuzlaşmanı öz mənfəətləri kimi götürsünlər. Halbuki, dünya bazarında müşahidə edilən ucuzlaşma ölkə daxilində satılan yağların maya dəyərini aşağı salır. Ancaq buna baxmayaraq, yağ idxalı ilə məşğul olan inhisarçı sahibkarlar daha çox qazanc əldə etməkdən ötrü qiymətləri aşağı salmırlar. Yaxud da cüzi olaraq qiymətləri aşağı salırlar. Bu səbəbdən Azərbaycanda satılan kərə yağlarının qiyməti belə bahadır. Reallıq odur ki, yağ bazarında ciddi inhisarçılıq var. Bir sözlə, inhisarçı sahibkarla azad sahibkar arasında ciddi psixoloji fərqlər var. İnhisarçı sahibkarlar elədir ki, bahalaşma ilə bağlı xəbər yayılan kimi dərhal qiymətləri artırırlar. Məlumatın nə dərəcədə doğru olduğunu yoxlamırlar. Ancaq xaricdə hansısa məhsul ucuzlaşanda, o məhsul bizdə hələm-hələm ucuzlaşmır. Yaxud da çox cüzi ucuzlaşır. İnhisarçı sahibkarlar daha çox mənfəət əldə etməkdən ötrü malın ucuzlaşmasına imkan vermirlər. İnhisarçılardan olsaydı yağın heç 7 faiz də ucuzlaşmasına imkan verməzdilər. Çox güman ki, hökumət bu yöndə onlara təzyiq göstərib. Ölkədə rəqabət mühiti olsaydı, yağ satışı ilə bağlı bu soyğunçuluq olmazdı. Bax, problemin kökü mövcud inhisarçılıqdan qaynaqlanır”.
Vidadi ORDAHALLI