Süd və qaymaq idxalı artıb - öz aqrar sektorumuza nə gəlib ki?..
Akif Nəsirli: “İdxalın həcmi artdıqca xarici valyutaya, xüsusilə dollara tələbat artır”
Gündəlik qida rasionumuzun əsas tərkib hissəsini, demək olar ki, ağartı, süd məhsulları təşkil edir. Təsadüfi deyil ki, milli mətbəximizdə ən dadlı şirniyyatların hazırlanmasında süddən geniş istifadə olunur.
Bu mənada demək olar ki, sözügedən məhsullar ən çox istehlak etdiyimiz məhsullar sırasında yer alır. İstehlak tələbi artdıqca isə idxal həcmi də təbii olaraq artır. Belə ki, bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır.
Qeyd edək ki, ötən ay süd və qaymaq idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.
Maraqlıdır, Azərbaycan bu növ ərzaqlara tələbatını niyə ödəyə bilmir?
“Ağartı məhsullarının istehsalının azalması heyvandarlıq sahəsinin geriləməsi ilə bağlıdır”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda daxili istehsal ildən-ilə azalır: “Daxili istehsalda azalmanın müəyyən səbəbləri var. Ağartı məhsullarının istehsalının azalması heyvandarlıq sahəsinin geriləməsi ilə bağlıdır. Son 10 ildə Azərbaycanda heyvandarlıq, yem sahələri, orüş və otlaqlar təyinatını dəyişib. Artıq bu yerlər heyvandarlığın inkişafı üçün deyil, pambıqçılıq sahəsinə ayrılıb. Bir sözlə, heyvandarlıq sahəsi məhv olmaq üzrədir. Heyvandarlıq sahəsi sıxışdırıldığı üçün bu işlə məşğul olan fermerlərin xərci də artır. Xərclər artdığı üçün qeyd edilən sahənin cəlbediciliyi də azalır. Buna görə 3 aydan bir ətin satış qiyməti artır. Eyni zamanda, yerli istehsal olan südün, ağartı məhsullarının da qiyməti günü-gündən artır. Onu da deyim ki, bahalaşma idxalı stimullaşdırır. Bu səbəbdən də sahibkarlar idxala üstünlük verir. İdxalın genişlənməsi ölkə iqtisadiyyatının idxaldan asılılığını artırır. Nəzərə almaq lazımdır ki, idxaldan asılılıq strateji təhdiddir”.
Ekspert onu da əlavə etdi ki, idxalın həcmi artıqca xarici valyutaya, xüsusilə dollara tələbat artır.
A.Nəsirli hesab edir ki, yerli istehsalın inkişafı üçün hökumət tərəfindən ciddi addımlar atılmalıdır.
Günel CƏLİLOVA