Azərbaycan dilinin 2 orfoqrafiya lüğəti nəyə lazımdır - hansına üstünlük verək?..
İsmayıl Məmmədov: “Bizim buraxdığımız lüğət qanunidir və onu Nazirlər Kabineti rəsmi qaydada təsdiqləyib”
Azərbaycan dilinin orfoqrafiya lüğəti cəmiyyətdə çox həssas yanaşılan mövzulardan biridir. Bu vəsait bütün sahələrdə tələb olunur və yazarkən ona istinad edilir.
Bildiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu sonuncu dəfə 2021-ci ildə Azərbaycan dilinin orfoqrafiya lüğətini çap edib. Dilçilik İnstitutunun orfoqrafiya lüğətindən başqa Dövlət Tərcümə Mərkəzi də ayrıca “Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni çap edib.
Bir ölkədə iki müəssisənin orfoqrafiya lüğəti çap etməsi müzakirə mövzusu olmaqla yanaşı, həm də müəyyən suallar doğurur. Sual yaranır, Dilçilik İnstitutunun çap etdirdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti" mükəmməl deyilmi, yaxud dilimizi tam olaraq əhatə etmirmi ki, yeni lüğət çap olunub? Bu lüğət olduğu halda hansı səbəbdən Dövlət Tərcümə Mərkəzi ayrıca lüğət çap edib? Bu lüğətlərin bir-birindən fərqi nədir?
Dövlət Tərcümə Mərkəzindən keçən ilin dekabrında mətbuata verilən məlumata görə, söz ehtiyatımızı milli orfoqrafiya lüğəti tarixində (1929–2021) mənbə nəşrlərdə yer almamış minlərlə (ümumi sayı 30 000-dən çox) saf Azərbaycan sözləri və terminlərlə zənginləşdirən lüğətin daha bir əlamətdar uğuru – nəşrin Ulu Öndərin Türk dünyasında zərb-məsələ çevrilmiş “Bir millət, iki dövlət” kəlamının davamı olaraq son illər ölkədə geniş işləklik qazanmış yüzlərlə türkkökənli sözlərlə dolğunlaşdırılması və nəticə etibarilə dilimizin ana kitabının mənzərəsinin dəyişilərək ona türk dilləri qrupunun aparıcı və ümumişlək dil vəsaiti statusu qazandırmasıdır.
Qeyd olunur ki, lüğətin tərtib müəllifi – Xalq yazıçısı Afaq Məsud, “Ön söz”ünün müəllifi redaksiya heyətinin üzvü, akademik Nizami Cəfərov, redaksiya heyətinin digər üzvləri – filologiya elmləri doktorları, professorlar Vilayət Quliyev, Qulu Məhərrəmli, Cəlil Nağıyev, Cahangir Məmmədli, Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim İsmayıl Məmmədovdur.
“Lüğətlərin müqayisəsinə gəlincə, Tərcümə Mərkəzi mənə lüğət verməyib”
Suallarımızı əvvəlcə AMEA Dilçilik İnstitutu Müdafiə Şurasının üzvü, Lüğət şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor İsmayıl Məmmədliyə ünvanladıq. İ.Məmmədli “Bakı-Xəbər”ə “Bizim buraxdığımız lüğət qanunidir və onu Nazirlər Kabineti rəsmi qaydada təsdiqləyib. “Azərbaycan dilinin orfoqrafiya lüğətini” həmişə akademiya buraxıb. Mən Dövlət Dil Komissiyasının üzvüyəm. O komissiyaya görə dövlət səviyyəsində olan lüğət bizimkidir. Tərcümə Mərkəzinin lüğəti dövlət səviyyəsində təsdiq olunmayıb. Akademiya 1929-cu, 1940-cı, 1960-cı, 1975-ci, 2004-cü, 2013-cü, 2021-ci illərdə lüğət buraxmışıq, hamısı da dövlət səviyyəsində təsdiq olunub. Amma Tərcümə Mərkəzinin lüğətini heç kəs təsdiq etməyib. Buraxıblar buraxsınlar, bir söz demirəm. Onlar indi ikinci dəfə orfoqrafiya lüğəti buraxırlar. Amma biz 1929-cu ildən bəri bu işlə məşğuluq. Sonuncu dəfə 2021-ci ildə buraxmışıq. Lüğətlərin müqayisəsinə gəlincə, deyim ki, Tərcümə Mərkəzi mənə lüğət verməyib. Bizə bir lüğət verməyiblər ki, bizdə də olsun. Sizə bir fakt deyim, Türkiyə “Türkcə-Azərbaycanca” lüğət buraxıb, onlar yazırlar ki, biz akademiyanın Dilçilik İnstitutunun lüğətindən faydalanmışıq. Türkiyə mütəxəssisləri bizim əməyimizi vurğulayır, amma bunlar (Tərcümə Mərkəzi nəzərdə tutur-İ.S) bir yerdə bizim adımızı çəkməyiblər. Mən onları heç tənqid də etmirəm.
Uzun illərdir lüğətin redaktoruyam, 37 ildir bu şöbənin müdiriyəm. Amma onlar mənə kitab göndərməli idi, fikir mübadiləsi aparmalı idik”-deyə bildirdi.
Hansı lüğətə istinad edilməli olması məsələsinə gəlincə, İ.Məmmədli vurğuladı ki, hər zaman Dilçilik İnstitutunun hazırladığı lüğətə istinad olunub, hazırda da olunur. “Bizim lüğəti tarixən böyük adamlar buraxıblar. Əliheydər Orucov, Şirəliyev kimi adamlar işləyib. Onlar da indi yığışıb yazıblar, yazsınlar da, nə olacaq”.
O qeyd etdi ki, Tərcümə Mərkəzinin buraxdığı lüğətdə Türkiyədən keçmə sözlər var və bu barədə 2019-cu ildə etdiyi məruzədə danışıb.
İ.Məmmədlinin sözlərinə görə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 2025-ci ildə yeni orfoqrafiya lüğəti hazırlayacaq.
Məsələ ilə bağlı Dövlət Tərcümə Mərkəzinin mövqeyini öyrənə bilmədik, mövqe bildirsələr, onların da fikirlərini təqdim edəcəyik.
İradə SARIYEVA