Putin Qərb ölkələrinə genişmiqyaslı hücuma hazırlaşır - Rusiya və Avropanı əhatə edən dəhşətli müharibə ssenariləri...
Rusiyanın 2044-cü ilə qədər Qərb ölkələrinə hücuma hazırlaşdığını yazan Britaniyanın “Mail on Sunday” qəzeti Rusiya prezidenti Vladimir Putinin mümkün ssenarilər üzərində işlədiyini iddia edib.
Rusiya ilə NATO arasında mümkün müharibə ssenarilərini mərhələ-mərhələ qəzetə açıqlayan ekspertlər böyük bir müharibənin olacağına diqqət çəkərək, beynəlxalq münaqişənin böyük ehtimalla kiberhücumla başlayacağını bildiriblər. Texnologiya inkişaf etdikcə dezinformasiya kampaniyaları, təbliğat kampaniyaları və qeyri-zorakı təzyiqin digər formaları da Rusiyanın öz təsir dairəsinə salmaq istədiyi ölkələrdə iğtişaşlar yaratmaq üçün istifadə olunacaq və bundan bir çox ölkənin infrastrukturu ciddi şəkildə təsirlənəcək.
İstefada olan general Hodges rusların böyük kiberhücumlar həyata keçirərək dəniz nəqliyyatı, logistika və təchizat zəncirinə ciddi ziyan vura biləcəyini deyib. Hodges həmçinin bildirib ki, Rusiya Avropadakı mülki hədəflərə qarşı yüzlərlə uzaqmənzilli raketlərdən istifadə edə bilər: "Onlar bunu Ukraynaya qarşı etdilər... Əgər NATO-ya hücum etmək qərarına gəlsələr, bütün əsas limanlara, hava limanlarına və nəqliyyat qovşaqlarına, eləcə də böyük hərbi qərargahlara, aerodromlara və bu kimi hədəflərə raketlər və uzaqmənzilli pilotsuz təyyarələr göndərəcəklər. Buna görə də Avropada adekvat hava və raket əleyhinə müdafiənin olması vacibdir, hazırda bunlar yoxdur".
Ekspertlər Rusiyanın digər planının quru, dəniz və havadan olacağını və bununla da daha əhatəli bir işğal əməliyyatına başlana biləcəyini iddia edirlər.
Polşa ilə Litva arasındakı Suvalki dəhlizində Rusiyanın hərbi gücünü artıra biləcəyini deyən ekspertlər bildirir ki, Moskva İran və Çinin də dəstəyini ala bilər. Qeyd edilir ki, işğal prosesinə havadan, qurudan və dənizdən başlanması ilə rəqiblər daha asan zərərsizləşdirilə bilər. İddia olunur ki, Suvalki bölgəsində münaqişələrin başlaması Avropa ilə Baltikyanı ölkələr arasında əlaqələrin qırılması demək ola bilər ki, bu da NATO üçün ciddi problemlər yarada bilər.
Digər tərəfdən, Rusiyanın qütb dənizi marşrutunu nəzarətə götürməklə oraya keçidin qarşısını ala biləcəyi də irəli sürülür. Həmçinin bildirilir ki, Moskva sualtı qayıqlardan istifadə edərək həyati əhəmiyyətli fiber-optik sualtı kabelləri kəsə bilər. Bu isə, gələcəkdə münaqişələrin kəskinləşdiyi bir mühitdə Qərbin infrastrukturuna, logistikasına və kommunikasiyalarına misli görünməmiş ziyan vura bilər.
Tahir TAĞIYEV